ABŞ-də aralıq seçkilərin ilkin nəticələri açıqlandı: Demokratlar bir sıra ştatlarda öndədir | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də aralıq seçkilərin ilkin nəticələri açıqlandı: Demokratlar bir sıra ştatlarda öndədir

Qafar Ağayev10:05 - Bu gün
ABŞ-də aralıq seçkilərin ilkin nəticələri açıqlandı: Demokratlar bir sıra ştatlarda öndədir

ABŞ Konqresinə keçirilən aralıq seçkilərin ilkin nəticələrinə görə, Demokratlar Partiyasının namizədləri bir sıra ştatlarda rəqiblərini qabaqlayırlar.

1news.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İlkin nəticələrə əsasən, İndiana ştatının üç seçki dairəsində demokrat namizədlər liderlik edirlər.

Ştatın 5-ci seçki dairəsində Demokratlar Partiyasının namizədi Cey Di Ford hazırkı respublikaçı konqresmen Viktoriya Spartzı qabaqlayır. Həmin dairədə səslərin təxminən 29 faizi hesablanıb.

3-cü seçki dairəsində demokrat Kelli Tompson hazırkı respublikaçı konqresmen Marlin Ştutsmandan öndədir. Burada səslərin 31 faizə yaxını sayılıb.

6-cı seçki dairəsində isə demokrat Sintiya Virt hazırkı respublikaçı konqresmen Cefferson Şrivlə mübarizədə cüzi üstünlüyə malikdir. Lakin bu dairədə səslərin hələlik cəmi 6 faizi hesablanıb.

Qonşu Kentukki ştatının 6-cı seçki dairəsində respublikaçı Ralf Alvarado ilə demokrat Zak Dembo arasında gərgin mübarizə gedir. CNN hər iki namizədin qələbə şansını təxminən bərabər qiymətləndirir. Dairə üzrə səslərin cəmi 1 faizi hesablanıb.

Virciniya ştatında isə CNN-in proqnozuna görə, hazırkı demokrat senator Mark Uorner respublikaçı Bert Midzusavanı məğlub edərək Senata dördüncü dəfə seçiləcək. Uorner hazırda Senatın Kəşfiyyat Komitəsinin sədr müavinidir. O, bundan əvvəl Virciniyanın qubernatoru vəzifəsində çalışıb.

Floridada da demokratların uğuru qeydə alınıb. Associated Press-in (AP) məlumatına görə, Demokratlar Partiyasının namizədi Debbi Vasserman-Şults ştatın 20-ci seçki dairəsindən Nümayəndələr Palatasına yenidən seçilib. O, respublikaçı Brent Anderseni məğlub edərək ardıcıl 12-ci dəfə konqresmen mandatı qazanıb. Vasserman-Şults daha əvvəl Demokratlar Partiyasının Milli Komitəsinə rəhbərlik edib.

Associated Press-in ilkin hesablamalarına əsasən, ABŞ Senatında demokratlar və onları dəstəkləyən müstəqil senatorlar birlikdə 43 yerə sahibdirlər. Respublikaçıların hesabında isə 32 mandat var. Daha 25 yer üzrə nəticələr hələ müəyyənləşməyib.

Nümayəndələr Palatasında demokratlar 44, respublikaçılar isə 21 mandat qazanıblar. Qalan 370 seçki dairəsində qaliblər hələ bəlli deyil.

Qeyd edək ki, ABŞ Senatında çoxluğu təmin etmək üçün 51, Nümayəndələr Palatasında isə 218 mandat qazanmaq tələb olunur.

Qubernator seçkilərində də demokratlar respublikaçılardan öndədirlər. İlkin nəticələrə görə, Demokratlar Partiyasının namizədləri 11, Respublikaçılar Partiyasının namizədləri isə 8 ştatda liderlik edirlər. Daha 31 ştatda nəticələr açıqlanmayıb.

CNN-in məlumatına görə, Corciya, Kentukki, Cənubi Karolina, Vermont, Virciniya və İndiana ştatlarında, eləcə də Floridanın bir sıra seçki dairələrində səsvermə məntəqələri artıq bağlanıb. ABŞ-də sonuncu seçki məntəqələri Alyaska ştatının Aleut adalarında noyabrın 4-də, ABŞ-nin şərq sahilinin vaxtı ilə saat 01:00-da bağlanacaq.

CBS News telekanalının açıqladığı ilk exit-poll nəticələri seçicilərin Demokratlar Partiyasına Respublikaçılar Partiyasından daha müsbət yanaşdığını göstərir. Sorğu iştirakçılarının 46 faizi demokratlara, 41 faizi isə respublikaçılara müsbət münasibət bəslədiyini bildirib.

Bununla yanaşı, hər iki partiyaya mənfi münasibət bəsləyənlərin sayı daha çoxdur. Respondentlərin 54 faizi Demokratlar Partiyasını, 59 faizi isə Respublikaçılar Partiyasını mənfi qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp da seçkilərin nəticələri ilə bağlı CBS News-a telefon müsahibəsində respublikaçıların şanslarını qısa şəkildə “Baxarıq” sözləri ilə dəyərləndirib.

Trampın sözlərinə görə, seçki günlərində gözlənilməz nəticələrin ortaya çıxması adi haldır.

“Qalib gələcəyikmi? Yaxşı şanslarımız var. Amma hər halda, utanmalı olmayacağıq”, – deyə ABŞ prezidenti bildirib.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər