AZAL həlak olan hərbi qulluqçumuzun qohumları üçün təyyarəni əvəzləyib
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Tural Həşimlinin qohumlarının onu son mənzilə yola salmaları üçün xüsusi olaraq Bakı-Naxçıvan reysinin təyyarəsini daha da tutumlusu ilə əvəzləyib.
1news.az xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.
O, qeyd edib ki, bəzi KİV yazır ki, guya şəhidimizin nəşi yola salınarkən cəmi beş qohuma bilet verilib, bilet olmadığı üçün digər qohumlar onları müşayiət edə bilməyiblər:
“Bu, kökündən yanlış xəbərdir. Belə ki, yazılanların əksinə olaraq AZAL daha böyük, yəni “Aerobus A-320” tipli təyyarə ayırıb. Bu addım mövcud şərait nəzərə alınaraq atılıb. Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər. Başqa sözlə, yazılanlar nəinki əsassızdır, hətta haqsızdır”.
P. Kəsəmənski qeyd edib ki, Naxçıvanda müşahidə olunan qatı duman səbəbindən aviareys bir qədər yubanma ilə yerinə yetirilib.
1news.az