Putinlə Ərdoğan arasında görüş başlayıb – YENİLƏNİB
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
V.Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər.
Rusiya prezidenti bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr bərpa olunur.
R.T.Ərdoğan isə öz növbəsində deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas elementləri müdafiə sənayesi və energetikadır.
13.37
Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri başlayıb.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, energetika və təbii sərvətlər naziri Berat Albayraq, qida, əkinçilik və heyvandarlıq naziri Faruk Çelik, mədəniyyət və turizm naziri Nəbi Avcı, baş qərargah rəisi general Hulusi Akar daxildir.
Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək, yüksək səviyyəli əməkdaşlıq şurasının iclasında iştirak edəcək. Dövlət başçılarının iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması, regional problemlər, xüsusən Suriya məsələsi və terrorla mübarizə mövzuları ətrafında müzakirələr aparması planlaşdırılır.
Türkiyə Prezidenti sazişlərin imzalanması mərasimindən və Vladimir Putinlə birgə mətbuat konfransından sonra naməlum əsgərin abidəsi önünə əklil qoyacaq.
Anadolu