Ukraynada Azərbaycan və türk iş adamları arasında əməkdaşlığa dair müqavilə imzalanıb – FOTO
Kiyevdə Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi ilə Ukrayna Türk İş Adamları Dərnəyinin birgə toplantısı keçirilib.
1news.az-ın səfirliyə istinadən verdiyi xəbərə görə, toplantıda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyənin bu ölkədəki səfiri Yönet Can Tezel, Azərbaycan, Türkiyə və Ukraynadan olan iş adamları iştirak ediblər.
Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev və Ukrayna Türkiyə İş Adamları Dərnəyinin başqanı Burak Pəhlivan rəhbərlik etdikləri qurumların fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat veriblər. Son illər Azərbaycan ilə Türkiyənin iri şirkətlərinin Ukraynada yol, tikinti və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyi qeyd olunub, bu istiqamətdə əməkdaşlığa dair birgə fəaliyyət proqramının hazırlandığı diqqətə çatdırılıb.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək dünyanın harasında yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan və türk diaspor təşkilatlarının, icmalarının və iş adamlarının bir-birilərinə dəstək vermələrinin vacibliyini vurğulayıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir” kəlamlarını xatırlayan diplomat, Ukraynada çalışan azərbaycanlı və türk iş adamlarının birgə fəaliyyət proqramı hazırlamasının tarixi əhəmiyyətindən bəhs edib.
Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel beynəlxalq arenada eyni mövqedən çıxış edən dövlətlərimizin gücünü və qüdrətini artırmaq üçün birliyə və həmrəyliyə böyük ehtiyacın olduğunu deyib.
Çıxışlardan sonra Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi ilə Ukrayna Türk İş Adamları Dərnəyi arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2017-ci ildə Azərbaycan və Türk İş Adamları Dərnəyi Ukraynada hər iki ölkənin tikinti, turizm, sənaye və digər sektorlarını özündə əks etdirən sərgi və yarmarkalar təşkil etməyi nəzərdə tutub. Bununla yanaşı, hər iki qurum gələcəkdə Azərbaycan Türkiyə və Ukrayna iş adamlarının iştirakı ilə biznes forumlar keçirəcək.
1news.az