İlham Əliyev Səudiyyə Ərəbistanının körfəz məsələləri üzrə dövlət nazirini qəbul edib – FOTO
Prezident İlham Əliyev martın 10-da Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı. Səudiyyə Ərəbistanına rəsmi səfərini, göstərilən qonaqpərvərliyi və aparılan söhbətləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bunu dostluğumuzun yaxşı göstəricisi kimi dəyərləndirdi. Ölkələrimizin bir çox istiqamətlərdə uğurlu əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı səviyyədə olduğunu dedi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanının Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığını vurğulayan Prezident İlham Əliyev qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına bir daha təşəkkürünü ifadə etdi. Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa diqqəti artırmağın və xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsinin önəmini vurğuladı. Bu sahədə yaxşı perspektivlərin olduğunu bildirən dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın ölkəmizə səfəri çərçivəsində bütün bu və digər məsələlərin müzakirə olunacağına əminliyini ifadə etdi.
Dövlət naziri Tamer Al-Sabha İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyinin dəyişməz olduğunu dedi. Tamer Al-Sabha ölkəsinin Azərbaycan ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. O, iki ölkənin rəsmiləri arasında qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə təkan verəcəyini dedi.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.
1news.az