Şamaxıda keçmiş məhkum oğurladığı avtomobillə qız qaçırdı
Şamaxı şəhər sakini işlədiyi təmir sexindən qaçırdığı avtomobillə qız qaçırıb.
1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.
Nazirlikdən bildirilib ki, bu zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın N.İ polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirərkən B.Abdullayev avtomobillə hadisə yerindən qaçıb.
“Dərhal görülmüş tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı RPŞ-yə gətirilib.
Əməliyyat tədbirləri ilə B.Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat 1 radələrində paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib”, - deyə məlumatda qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az