Tərtərdə bazardan F-1 əl qumbarası tapılıb – FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Tərtər şəhərindəki Daş bazarı adlanan əraziyə baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 500 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 15 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 5 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 991 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 7 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 209 792 kv.m ərazi (463 964 kv.m əl ilə, 321 600 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 311 228 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az