Azərbaycan-Ukrayna iqtisadi əlaqələri genişlənir
Ukrayna Prezidenti Petro Poroşenko bu ölkədə səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Prezident Petro Poroşenko ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarının, həmçinin onun adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olması münasibətilə Mehriban xanım Əliyevaya təbrikinin çatdırılmasını xahiş edib. Ukrayna Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini vurğulayıb, bu mühüm təyinatın Azərbaycanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirən Prezident Poroşenko ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini və bu sahədə geniş imkanların olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ukrayna Prezidentinə çatdırıb.
Görüşdə ölkələrimizin BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyi, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Görüşdə Azərbaycan və Ukrayna arasında ticarət-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub, Ukrayna Prezidenti Azərbaycan məhsullarının Ukraynaya ixracı üçün hər cür şərait yaradıldığını, Kiyevdə Azərbaycan Ticarət Evinin açılması təşəbbüsünü dəstəklədiyini bildirib və region ölkələri ilə ticarətin genişləndirilməsi baxımından Azərbaycanda Ukrayna Ticarət Evinin yaradılması barədə müvafiq qurumlara tapşırıq verib.
Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi zamanı SOCAR-ın Ukraynadakı fəaliyyəti yüksək qiymətləndirilib, qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, neft emalı, neft maşınqayırması və elektrik avadanlıqlarının istehsalı, Ukrayna şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin Ukraynanın yol infrastrukturunun yenidən qurulmasında və təmirində iştirakı məsələləri müzakirə edilib. Görüşdə, həmçinin Ukraynanın Azərbaycanın tranzit potensialından istifadə etməklə İran və Mərkəzi Asiya bazarlarına çıxmaq imkanları qeyd edilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Ukrayna üçün əhəmiyyəti, bu sahədə vahid tarif siyasətinin tətbiqinin vacibliyi vurğulanıb, Azərbaycan şirkətlərinin Ukrayna limanlarının idarə edilməsində iştirakı barədə geniş fikir mübadiləsi aparılıb.
Ukrayna Respublikasının Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ilə görüşdə Azərbaycan və Ukrayna arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanda Ukrayna şirkətləri uğurla fəaliyyət göstərir. 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi artıb və bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Şahin Mustafayev Azərbaycanın Ukraynada Ticarət Evinin yaradılmasında maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan Ukraynaya fındıq, meyvə və tərəvəz, xüsusilə də xurma, çay, şərab, üzüm, tütün, pambıq lifi, polietilen, metanol, alüminium ixrac edə bilər. Azərbaycanın tranzit imkanları barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ölkəmiz Ukrayna ilə tranzit sahəsində də əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün imkanlar genişdir.
Əməkdaşlıq perspektivlərinə gəlincə, Azərbaycanın iqtisadiyyat naziri qeyd edib ki, Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Pirallahı Sənaye Parkında investorlar üçün yaradılmış imkanlardan və güzəştlərdən yararlanmaqla əczaçılıq sahəsində birgə müəssisə yarada bilərlər. Artıq əczaçılıq sahəsində birgə əməkdaşlığa dair Ukraynanın bir sıra şirkətləri ilə danışıqlar aparılır. Maşınqayırma sahəsində əməkdaşlıq imkanları genişdir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, tikinti materiallarının istehsalı sahələrində də əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Ukraynanın infrastruktur naziri Vladimir Omelyan ilə keçirilmiş görüşdə infrastruktur, xüsusilə avtomobil və dəmir yolları, limanlardan istifadə sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə yaradılmış müasir infrastruktur, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib, Ukrayna ilə müvafiq sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr iqtisadi-ticarət, turizm və tranzit sahələrində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Ukraynanın infrastruktur naziri ölkəsində nəqliyyat sahəsində, xüsusilə də yol tikintisi və limanların özəlləşdirilməsi sahəsində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduqlarını bildirib. Görüşdə Azərbaycan şirkətlərinin yol tikintisi sahəsində digər ölkələrdəki müsbət təcrübəsi xüsusilə vurğulanıb.
1news.az