“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə martın 18-dən martın 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.
“Azəriqaz” İB-dən 1news.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz” bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibəti ilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
1news.az