Azərbaycanda 3 mindən çox ailə “Facebook”a görə boşanıb - ARAŞDIRMA
“Əsassız səbəblərdən boşanmaya gedirlər. Bir-biri ilə yarışmaya çıxan insanlar var ki, bir nəfər müraciət edib, deyir ki, mənim dostum artıq iki dəfə boşanıb, mən bir dəfə boşanmışam, artıq ikinci dəfə boşanmaya müraciət etmək istəyir. Deyir, mən ondan geriyə qalıram. Gülünc bir şeydir, ancaq cəmiyyət üçün həyəcan təbili çalınacaq bir hadisədir”.
1news.az xəbər verir ki, bu fikirləri APA TV-yə açıqlamasında vəkil Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, son zamanlar əsassız boşanmaların sayı artıb. 2016-cı ildə 13 min ailənin nikahına xitam verilib. Onlardan 20-30 faizinin boşanmasına sosial şəbəkələr səbəb olub:
“Əvvəllər boşanmaların sayı ciddi səbəblərdən olurdu amma son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin boşanması hallarına rast gəlirik. Son dövrlər diqqətinizə çatdırım ki, bir çox hallarda bir-birini xəyanətdə ittiham edirlər. Bu xəyanətin də əsaslı sübutu və dəlili yoxdur. Kişi və yaxud qadın olmasından asılı olmasına baxmayaraq, digər tərəfi internetdə, sosial şəbəkələrdə, sosial mediada hər hansı bir şəxslərlə yazışmasını və yaxud virtual olaraq münasibətdə olduğunu əsas gətirib və bu da ona xəyanət etməsi fikrinə gəlir ki, sonda boşanmaya səbəb olur”.
Xəyal Bəşirov deyir ki, hətta bir layk və şərhə görə də boşananlar var. Kişilər həyat yoldaşlarının sosial şəbəkələrdəki fəallığının kənardan yanlış anlaşılacağından çəkinirlər:
“Əks cinsin nümayəndəsi bir məlumat paylaşır və yaxud bir hadisə ilə bağlı bir fikir bildirir, digər şəxslər qadın ona şərh yazarsa bu, artıq qloballaşdırılıb boşanmanın əsası kimi gətirilir və boşanmaq üçün kişi tərəfindən məhkəməyə müraciət etmək üçün əsas olur. Bəzən heç o insan heç o adamı tanımır, sadəcə, fikirdir, baxır, maraqlı olur, şərh yazır”.
Vəkil deyir ki, qanunvericilikdə nikah könüllülük prinsipləri əsasında qurulduğu üçün boşanmalar da eyni əsasla həyata keçirilir.
Şəhər sakinlərinin məsələyə fikri müxtəlifdir:
- Birincisi baxır nəyi like eləyir, şərh yazır. Elə şey olsun ki, qısqanılacaq şey olmasın. Mənim xoşuma gəlməyəcək şey olmasın. Məsələn, instagramı götürək də, oğlanların follow da olması, kimə lazım olar ki, həyat yoldaşının şəkillərinə tanımadığı adam baxsın.
- Oğlan yol verməməlidir belə problemlər yaransın. Qadın status yazmasın, girməsin heç.
- Mənə qadağa qoyub, mən də istifadə etmirəm. Ancaq WhatsApp istifadə edirəm. Ailəli adam istifadə etməməlidir.
- Boşanmaların əksəriyyəti sosial şəbəkələrə görədir. Bizim kişilər çox qısqancdır da, kişiyə hər şey olar, qadına yox. Tanış biri var idi, ona ağlına gələni yazırdılar, yoldaşı da sosial şəbəkələri bağladı.
Psixoloq Təhminə Çələbi deyir ki, sosial şəbəkələrin bilavasitə ailəyə təsiri var. O, psixoloji olaraq sosial şəbəkələrə hazır olmağın vacibliyini vurğulayır:
“Müəyyən düşüncələr, dəyərlər Avropa ilə bizdə üst-üstə düşmür. Onlar o layk və yaxud şərhə normal baxırlarsa, bizim özümüzün dəyərləri mental inanclarımız var ki, üst-üstə düşmür. Bunu qəbul edə bilməyəcəyimiz təqdirdə, bu şəbəkələrdən istifadə edirik və nəticəsi təbii ki, xoşagəlməz olur. Kiçik bir şeydən insan öz eqosuna, şəxsiyyətinə, hətta namusuna belə toxunulduğunu düşünür. Bu müasirlik deyil, irəli getmək, dünyagörüşü deyil, sadəcə, xarakter və mental dəyərlərlə əlaqəlidir”.
Psixoloq deyir ki, cütlüklərin bir-birinə, yaxud övladlarına ayırdığı vaxt sosial şəbəkələrə ayrılan vaxtdan daha az olur. Bu da münasibətlərdə uçuruma gətirib çıxarır.
1news.az