Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı müsabiqə elan edilib
İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda yaradıcılıq müsabiqəsi elan edib.
1news.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməli, materialların sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.
Materiallar KİV nümayəndəsinin vəsiqəsinin sürəti ilə birlikdə 20 aprel 2017-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müsabiqənin şərtləri:
- Təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlar və qazanılan uğurlar əks etdirilməlidir;
- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər tək və ya müştərək halda iştirak edə bilərlər;
- Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (və ya süjet) təqdim edə bilər;
- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjeti isə 3 dəqiqədən az olmamalıdır;
- Məqalə, televiziya və radio süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;
- Materialın sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;
- Material qəzetdə və ya jurnalda dərc edilərsə onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməli, televiziya və radio süjeti isə DVD-də olmaqla KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 aprel 2017-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç.,84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq), materialın elektron versiyası isə həmin tarixədək “[email protected]” poçt ünvanına göndərilməlidir.
- Müsabiqəyə təqdim olunmuş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2017-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.
Materiallar aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:
- mövzunun əhatə olunması, jurnalist araşdırması;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi;
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.
1news.az