Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 100-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 255 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 91 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 26, Salyanda 17, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2016-cı il martın 27-də 404 sm), Şirvanda 253 sm (2016-cı il martın 27-də 315 sm), Salyanda 200 sm (2016-cı il martın 27-də 257 sm), Bankədə 175 sm (2016-cı il martın 27-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2016-cı il martın 27-də 110 sm) təşkil edir.
1news.az