“PSJ” komandası Fransa liqa kubokunun qalibi olub
Fransa liqa kubokunun finalında “Monako” komandasını 4:1 hesabı ilə məğlub edən “PSJ” klubu ardıcıl dördüncü dəfə bu turnirin qalibi olub.
1news.az Azərtac-a istinadən xəbər verir ki, hesabı matçın 4-cü dəqiqəsində PSJ-nin heyətində Yulian Draksler açıb.
Oyunun 27-ci dəqiqəsində Tomas Lemar hesabı bərabərləşdirsə də, ilk hissənin sonuna bir dəqiqə qalmış Anxel Di Maria “PSJ”ni yenidən irəli çıxarıb – 2:1.
İkinci hissədə də üstün oynayan “PSJ” 54-cü və 90-cı dəqiqələrdə Edinson Kavaninin qolları ilə qələbəsini rəsmiləşdirib. Bu, E.Kavaninin cari mövsümdə “PSJ”nin heyətində keçirdiyi 40-cı oyunda 40-cı qolu olub.
Bu qələbə sayəsində “PSJ” ümumilikdə 7-ci dəfə Fransa liqa kubokunun qalibi adını qazanıb.
Xatırladaq ki, Fransa çempionatında da əsas rəqabət “Monako” və “PSJ” komandaları arasında gedir. 30 turdan sonra “Monako” 71 xalla birinci, “PSJ” isə 68 xalla ikinci sıradadır.
1news.az