İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu yenidən qurulur – FOTO – VİDEO
“Azəravtoyol” ASC tərəfindən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür.
1news.az-ın ASC-nin saytına istinadən verdiyi xəbərə görə, uzunluğu 23 kilometr, eni 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur.
Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək.
Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılır. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilir. Artıq yolun 8 kilometrlik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Ümumilikdə ikiqat olmaqla yolun 140 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Asfaltlanma işləri tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfüqi xətlənmə xətlərinin çəkilişi işləri aparılacaq. Eyni zamanda yol boyu zəruri olan yerlərdə 30 ədəd suötürücü boru da quraşdırılacaq.
Qeyd olunub ki, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi 6 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla yük və sərnişindaşıması rahatlaşacaq.
1news.az