Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü qeyd edilib
Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan-ABŞ əlaqələri ilə bağlı sərgi nümayiş etdirilib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkələrimizin diplomatik əlaqələrinin qurulmasının tarixindən danışıb. O, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, ötən 25 il ərzində ölkəmizin yanında olduğunu bildirib. Səfir vurğulayıb ki, keçən müddət ərzində altı min azərbaycanlı müxtəlif proqramlar çərçivəsində Birləşmiş Ştatlarda təhsil alıb. Bununla yanaşı, amerikalı müəllimlər Azərbaycanda müxtəlif təhsil müəssisələrində fəaliyyət göstəriblər. ABŞ-ın sülh korpusunun 600 könüllüsü Azərbaycanda ingilis dilinin tədrisində iştirak edib. Bundan başqa, amerikalı və azərbaycanlı hərbiçilər dünyanın müxtəlif qaynar nöqtələrində xidmət ediblər.
Robert Sekuta, həmçinin əlavə edib ki, Vaşinqton enerji resurslarının şaxələndirilməsində həmişə Bakını dəstəkləyib. O, Azərbaycanla enerji layihələri üzrə daimi məsləhətləşmələrin aparıldığını, bu layihələrin Avropanın enerji təhlükəsizliyi üçün vacib olduğunu diqqətə çatdırıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb. Nazir vurğulayıb ki, ötən müddət ərzində Azərbaycanla ABŞ etibarlı tərəfdaşlar kimi bir çox sahələrdə sıx əməkdaşlıq ediblər. Xüsusilə Azərbaycan və ABŞ rəhbərləri arasında aparılan mütəmadi müzakirələri, Birləşmiş Ştatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu etibarlı tərəfdaşlıq xüsusi önəm daşıyır. Biz bu problemin həlli prosesinin sürətləndirilməsini və uğurla nəticələnməsini səbirsizliklə gözləyirik.
Nazir Azərbaycan ilə ABŞ arasında humanitar sahədə də uğurlu əməkdaşlığın olduğunu diqqətə çatdırıb. O, ikitərəfli əlaqələrin gələcəkdə turizm sahəsində də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
1news.az