Lavrov: “Moskva və Vaşinqton əməkdaşlıq edəndə bundan nəinki xalqlarımız, bütün dünya udur”
“Tillersonla danışıqlar açıq və ətraflı keçdi”
“Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu Rusiya prezidenti Vladimir Putin qəbul edib. Putin-Tillerson görüşü iki sаatdan çox çəkib”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.
O, Reks Tillersonla 5 saatdan çox danışıqlar apardığını söyləyib: “Daha sonra danışıqlar Kremldə davam etdirildi. Danışıqlar açıq və ətraflı keçdi. İkitərəfli münasibətləri, beynəlxalq gündəmdə olan vacib məsələləri müzakirə etdik”.
Rusiya-ABŞ münasibətlərindən danışan Sergey Lavrov iki ölkə arasındakı münasibətləri pozmaq istəyənlərin olduğunu söyləyib: “Görürük ki, bizim münasibətlərimizə maneə olmaq istəyirlər. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlıq edəndə bundan nəinki xalqlarımız, bütün dünya udur”.
1news.az