Güləşçilərimiz beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar
Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.
1news.az-ın məlumatına görə, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.
Yarışın ilk günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan gücünü sınayıb. Yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar. Qızıl medallara Həsrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq) və Cavidan Cavadov (63 kq) sahib olublar.
Komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.
1news.az