Bakıda Frankofoniya həftələri başa çatıb
Bu gün Bakıda Frankofoniya həftələrinin rəsmi bağlanış mərasimi keçirilib.
1news.az xəbər verir ki, xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Frankofoniya həftələri çərçivəsində 30 tədbirin keçirildiyini deyib.
Onun sözlərinə görə, Frankofoniya həftələri müddətində müxtəlif filmlər nümayiş etdirilib, sərgilər açılıb, musiqi axşamları, parkur şou, müsabiqələr təşkil olunub.
Frankofoniya həftələrinə xeyli marağın olduğunu bildirən səfir bu tədbirlərin uğurla keçirilməsində iştirakçıların da böyük rolunu qeyd edib.
Tədbirdə çıxış edən digər səfirlər də Frankofoniya həftələrinin rəngarəng, zəngin, unudulmaz keçdiyini deyiblər.
Bu tədbirin mədəni müxtəlifliyi göstərməyə şərait yaratdığını, həmçinin bu həftələrin ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar.
Daha sonra Frankofoniya həftələri ərzində keçirilən müxtəlif müsabiqələrin qaliblərinə hədiyyələr təqdim olunub.
Frankofoniya həftələrinin son tədbirində müxtəlif səfirliklər tərəfindən frankofon bufeti təqdim olunub. Ayrı-ayrı ölkələrə aid köşklərdə hər bir səfirlik milli mətbəxlərini və incəsənət nümunələrini təqdim ediblər.
Pərvanə Sultanova