İran nazirinin məktəbli geyimi ilə bağlı açıqlaması etirafdır? – Hikmət Babaoğludan ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

İran nazirinin məktəbli geyimi ilə bağlı açıqlaması etirafdır? – Hikmət Babaoğludan ŞƏRH

Qafar Ağayev17:37 - Bu gün
İran nazirinin məktəbli geyimi ilə bağlı açıqlaması etirafdır? – Hikmət Babaoğludan ŞƏRH

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda vahid məktəbli geyiminin tətbiqi ilə bağlı açıqlaması iki ölkə arasında münasibətlər kontekstində müzakirələrə səbəb olub.

Nazir Azərbaycanda geyim forması ilə bağlı müzakirələri əsas gətirərək İran universitetlərinin təhsil hüququndan məhrum olduqlarını iddia etdiyi azərbaycanlı qızları qəbul etməyə hazır olduğunu bildirib. Onun bu bəyanatı Azərbaycanın təhsil siyasəti ilə bağlı məsələlərə kənardan münasibət bildirilməsi və ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.

İran rəsmilərinin Azərbaycanda dini məsələlər, hicab və təhsil hüququ ilə bağlı müzakirələrə münasibət bildirməsi ilk dəfə deyil. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də Azərbaycandakı məktəblərdə hicabla bağlı məhdudiyyətlər barədə danışaraq məsələnin insanların hüquqlarına hörmət əsasında həll olunmasına ümid etdiyini bildirmişdi. İndi isə İran hökumətinin başqa bir nümayəndəsi eyni mövzunu gündəmə gətirərək azərbaycanlı qızlara İran universitetlərində təhsil almağı təklif edir. Bu cür açıqlamalar İran rəsmilərinin Azərbaycanın daxili məsələlərinə münasibətinin hansı məqsədlərə xidmət etdiyi ilə bağlı suallar yaradır.

Digər tərəfdən, İran rəsmilərinin təhsil hüququ və azadlıq məsələlərinə həssaslıq nümayiş etdirməsi fonunda öz ölkələrində yaşayan azərbaycanlıların ana dilində təhsil almaq imkanları da diqqətə gəlir. İranda milyonlarla azərbaycanlının ana dilində təhsil hüququnun təmin olunmaması uzun illərdir müzakirə edilən məsələlərdəndir. İran Konstitusiyasında yerli və milli dillərin mətbuatda istifadəsi, eləcə də məktəblərdə tədrisi ilə bağlı müddəalar yer alsa da, onların praktikada həyata keçirilməsi ilə bağlı problemlər mövcuddur. Belə olan halda, İran rəsmilərinin Azərbaycanda təhsil hüququ barədə açıqlamalar verməsi və ölkəmizin təhsil siyasətinə münasibət bildirməsi ziddiyyətli görünür.

Bəs İranın elm, tədqiqat və texnologiya nazirinin bu açıqlamasını necə qiymətləndirmək olar? İran rəsmilərinin Azərbaycanda məktəbli geyimi və hicab məsələlərini gündəmə gətirməsi Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi hesab edilə bilərmi? Öz ölkəsində yaşayan azərbaycanlıların ana dilində təhsil hüququ ilə bağlı problemlər olduğu halda, İranın Azərbaycanla bağlı bu mövqeyi hansı sualları doğurur? Bu açıqlamaların arxasında hansı siyasi məqsədlər dayanır və Azərbaycan tərəfi belə bəyanatlara necə reaksiya verməlidir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın səsləndirdiyi fikirlər Azərbaycanda vahid məktəbli geyim formasına qarşı təşkil olunan etirazların arxasında İranın dayandığının etirafıdır.

O bildirib ki, İranın elm, tədqiqat və texnologiya naziri ölkəsinin siyasətinin formalaşmasında iştirak edən və xüsusi hüquqi statusa malik şəxsdir. Buna görə də onun açıqlamaları dövlət məsuliyyəti doğuran bəyanatlar kimi qiymətləndirilməlidir.

"İranın Azərbaycanın daxili işlərinə qarışmasına və ölkəmizdə həyata keçirilən təxribatların İran tərəfindən törədildiyini qismən etiraf etməsinə görə bu şəxs hüquqi müstəvidə məsuliyyətə cəlb oluna bilər. Biz Türkiyədən Azərbaycanın daxili işlərinə qarışan şəxslərə qarşı hansı hüquqi prosedurları başlatmışıqsa, İranın naziri haqqında da oxşar prosedura başlamalıyıq.

Əks təqdirdə, İranın digər rəsmiləri və siyasətçiləri də hər fürsətdə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edəcəklər. Bu isə yolverilməzdir. Azərbaycan müstəqil ölkədir və heç bir dövlətin onun daxili işlərinə müdaxilə etmək hüququ yoxdur".

Deputat Azərbaycan vətəndaşlarının İranda təhsil alması məsələsinə də toxunub. O hesab edir ki, bunun üçün İranda yaşayan azərbaycanlıların öz ana dillərində təhsil almaq hüququ təmin edilməlidir.

"Azərbaycan vətəndaşlarının İranda təhsil alması, əslində, olduqca şahanə fikirdir. Ancaq bir şərtlə: bizim İrana göndərdiyimiz vətəndaşlarımız orada Azərbaycan dilində təhsil alsınlar.

Bundan əvvəl İranda yaşayan 35 milyon azərbaycanlı öz dilində təhsil almaq imkanı əldə etməlidir ki, bizim vətəndaşlarımız da öz qardaşları ilə birlikdə Azərbaycan dilində təhsil ala bilsinlər. Onlar Azərbaycan dilini və tarixini öyrənsinlər, fars şovinizminin azərbaycanlıları necə istismar etdiyini, milli şüurlarının necə sıxışdırıldığını və dil hüquqlarının necə məhdudlaşdırıldığını bilsinlər".

H.Babaoğlu dini təhsil almaq üçün azərbaycanlı qızların İranın Qum şəhərinə göndərilməsi məsələsini də gündəmə gətirib. O, bəzi qızların orada cinsi istismara məruz qaldığını iddia edərək, bu halların araşdırılmasının vacibliyini vurğulayıb.

"Dini müstəvidə biz zaman-zaman azərbaycanlı qızları təhsil almaq üçün Quma göndərmişik. Ancaq onların orada İranın molla rejimi tərəfindən siğəyə məcbur edildiyi və cinsi istismara məruz qaldığı barədə iddialar mövcuddur. Mən düşünürəm ki, heç bir azərbaycanlı bir daha öz övladını fars dilində dini təhsil almaq üçün Quma göndərməz.

Çünki Qum artıq qızlar üçün əxlaqsızlıq yuvasına, oğlanlar üçün isə milli hisslərini itirmək mərkəzinə çevrilib.

Düşünürəm ki, biz bu məsələyə yenidən qayıtmalı, Azərbaycanın bəzi bölgələrindən olan və İranda təcavüzə məruz qaldığı bildirilən qızların hüquqlarının bərpası üçün addımlar atmalıyıq. Onların pozulmuş hüquqları bərpa edilməli, bu cinayətləri törədənlər məsuliyyətə cəlb olunmalıdır".

Deputat Azərbaycanda və İranda qadınların geyim azadlığı ilə bağlı vəziyyəti müqayisə edərək, İran hakimiyyətinin bu sahədəki siyasətini tənqid edib.

"Azərbaycan azad ölkədir. Azərbaycanda kim istəyirsə, başını aça, kim istəyirsə, başını örtə bilər. Amma İranda başını açmaq istəyənlər təqiblərə məruz qalırlar. Məhsa Əmininin necə və hansı şəraitdə öldüyünü bütün dünya bilir.

2025-ci il dekabrın 28-də başlayan etirazların zorakılıqla yatırılması zamanı da İranda 3 000-dən çox insanın öldürüldüyü barədə məlumatlar yayılıb. Belə bir şəraitdə Azərbaycan vətəndaşları ölkəmizdə başıaçıq və ya başıörtülü gəzməkdə sərbəstdirlər. Bu müqayisəni İranlı nazirin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycanda mövcud olan geyim azadlığını görsün və İrana təhsil almağa getmək barədə səsləndirdiyi təklifin nə dərəcədə əsaslı olduğunu düşünsün".

H.Babaoğlunun sözlərinə görə, İran rəsmilərinin Azərbaycana münasibətdə bu cür mövqe sərgiləməsinin səbəblərindən biri ölkəmizin güclənməsi və müstəqil inkişaf yolunu seçməsidir.

"Azərbaycanın azadlığı, müstəqilliyi, getdikcə güclənməsi və Qarabağın işğaldan azad edilməsi İranı narahat edir. İrandakı fars şovinizmi düşünür ki, güclənən Azərbaycan İranda yaşayan 35 milyon azərbaycanlı üçün cazibə mərkəzinə və ideala çevrilə bilər.

İranda yaşayan azərbaycanlılar Azərbaycanın öz dilində təhsil aldığını, müstəqil iradəyə söykənən dövlət qurduğunu görürlər. Onlar da bir gün öz ana dillərində təhsil almaq istəyəcəklər. İranı Azərbaycana qarşı aqressiv mövqeyə sövq edən səbəblərdən biri də məhz bu narahatlıqdır. İrandakı azərbaycanlılar öz dillərində təhsil alıb milli kimliklərini qoruduqca, fars şovinizminin onların üzərindəki təsiri zəifləyəcək. Fars şovinistləri də bundan ehtiyat edirlər".

Deputat hesab edir ki, Azərbaycan İran rəsmilərinin açıqlamalarına Türkiyənin oxşar hallarda nümayiş etdirdiyi mövqeyə uyğun reaksiya verməlidir.

"Biz Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli ifadələr işlədən şəxslərə necə reaksiya vermişiksə, İrandakı belə şəxslərə qarşı da eyni mövqeni sərgiləməliyik.

Türkiyədə Azərbaycana qarşı ifadələr işlədən və iki ölkə arasındakı münasibətlərə xələl gətirməkdə ittiham olunan prezidentin baş müşaviri vəzifəsini tərk edib. Mən düşünürəm ki, İranın bu naziri də dərhal vəzifəsindən istefa verməlidir.

Əgər İran həqiqətən Azərbaycanla münasibətlərə öz rəsmilərinin bəyanatlarında ifadə etdikləri kimi, dostluq və qardaşlıq münasibətləri çərçivəsində yanaşırsa, Türkiyənin atdığı addımdan nümunə götürməlidir. Türkiyə Azərbaycana dost və qardaş ölkə kimi yanaşdığı üçün ikitərəfli münasibətləri korlamağa çalışan prezidentin baş müşavirinin vəzifədən getməsi ilə nəticələnən addım atıb.

Qoy İran hakimiyyəti də Azərbaycanın daxili işlərinə qarışan və iki ölkə arasındakı münasibətləri korlamağa çalışan naziri vəzifədən uzaqlaşdırsın. Yalnız bundan sonra İranın Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinə nə dərəcədə sadiq olduğunu görmək mümkün olacaq".

Müəllifin son sözü:

 İran rəsmilərinin Azərbaycanda təhsil, hicab və dini məsələlərlə bağlı açıqlamaları ilk baxışdan insan hüquqlarına həssaslıq kimi təqdim olunsa da, bu yanaşmanın nə dərəcədə səmimi olduğu sual doğurur. Öz ölkəsində milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququ ilə bağlı problemlər olduğu halda, Azərbaycanın təhsil siyasətinə irad bildirmək ən azı ziddiyyətli mövqedir. Azərbaycan müstəqil dövlətdir və ölkəmizin daxili məsələləri ilə bağlı qərarlar heç bir xarici dövlətin müdaxilə predmetinə çevrilməməlidir. İran rəsmiləri unutmamalıdırlar ki, dostluq və qonşuluq münasibətləri qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanır. Əgər Tehran Bakı ilə münasibətlərdə həqiqətən dostluq və qardaşlıq niyyəti nümayiş etdirmək istəyirsə, ilk növbədə öz rəsmilərinin bu prinsiplərə uyğun davranmasına diqqət yetirməlidir. Əks halda, bu cür bəyanatlar iki ölkə arasında etimadı gücləndirmək əvəzinə, mövcud sualları və narazılıqları daha da dərinləşdirəcək.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər