İnsan iradəsinin nail ola bilmədiyi heç nə yoxdur – azərbaycanlı fəxrlərimiz – FOTO
Şablon da səslənsə, insanın cansağlığı çox dəyərli nemətdir. Lakin bir çoxlarımız bunun fərqinə varmır. Ən adi xəstəlik olan zökəm zamanı belə həyatdan küsür, gileylənirik.
Lakin haqqında yazdığımız qəhrəmanlar yaşadıqları çətinliklərə, cansağlamlıqlarını itirmələrinə baxmayaraq yüksək iradələri hesabına həyatın bu sınağından çıxa biliblər. Adlarını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazan həmyerlilərimizi tərif etməyə sözlər acizdir.
İlham Zəkiyev ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010) və altıqat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015), 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisidir.
Həmçinin İlham “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə mükafatlandırılıb. 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub.
1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfindən atılan snayper gülləsi nəticəsində İlham görmə qabilliyətini itirir. 19 yaşında görmə qabiliyyətini itirməsi zamanı yaşadığı çətinliklərə baxmayaraq, İlham yüksək iradəsi sayəsində həyatına davam edir.
İdman sahəsində əldə etdiyi uğurlarla yanaşı, 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnir. Hazırda ailəlidir, üç övladı var.
2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı “İşıqlı Zülmət” filmi çəkilib.
Oloxan Musayev - anadangəlmə əlil (onurğa beyninin zədələnməsi) olmasına baxmayaraq dəfələrlə Azərbaycan bayrağının dünyanın idman arenalarında dalğalanmasına səbəb olub.
Oloxan 2008 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı, 2007, 2009, 2011-ci illərin dünya çempionu, 2014-cü ilin Avropa çempionudur.
2016-cı ildə isə Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"-na layiq görülüb.
Afaq Sultanova
13 yaşına qədər cüdo ilə məşğul olan Afaq bir çox dünya və Avropa çempionatında qələbə qazanır. Lakin aldığı zədələr nəticəsində görmə qabiliyyətini itirir. Buna görə də bir müddət idmandan uzaqlaşır.
Lakin həmyerlimiz İlham zəkiyevdən ruhlanaraq yenidən məşqlərə başlayır. Hazırda Afaq fiziki qüsuru olan uşaqlar arasında idman və paralimpiya dəyərlərinin inkişaf etdirilməsi ilə məşğuldur.
Afaq Azərbaycanı 1996, 2000, 2004 Yay Paralimpiya Oyunlarında təmsil edib, 2016-cı ildə Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”-na layiq görülüb, 2003-cü ilin Avropa çempionudur.
Natali Pronina (Rəcəbli)
Azərbaycanlı üzgüçüdür. 2012-ci ildə Yay Paralimpiya Oyunlarında qısa məsafədən üzgüçülük üzrə gümüş medal qazanıb. Yeganə azərbaycanlı xanımdır ki, 2012-ci ilin paralimpiya oyunlarında ölkəmizi təmsil edib. 2004-cü ildə Azərbaycanı Afinada keçirilən Olimpiya oyunlarında da təmsil edib.
Natali beş yaşından üzgücülüklə məşğul olmağa başlayır. Lakin hovuza xüsusi eynək taxmadan girdiyi üçün kimyəvi maddələrə görə bir müddət sonra görmə qabiliyyətində problemlər yaranır.
Görmə qabiliyətini qismən itirməsi onu bu idman növündən uzaqlaşmasına səbəb olmur. Hazırda Natali “Sərhədçi” klubunda çıxış edir. 2015-ci ilin yayında leytenant rütbəsinə layiq görülüb. 2016-cı ildə Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”-na layiq görülüb.
S.Xankişiyeva