Rəcəb Tayyib Ərdoğan rəsmən Ədalət və İnkişaf Partiyasının üzvü olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə dövlət başçısı vəzifəsinə seçildikdən sonra istefa verdiyi Ədalət və İnkişaf Partiyasına (AKP) rəsmən üzv olub. Prezident Rəcəb Tayyib Ərdoğan AKP-dən ayrıldıqdan 979 gün sonra – mayın 2-də partiyaya üzvlük müraciətini imzalayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar AKP-nin iqamətgahında keçirilən toplantıda çıxış edən partiyanın sədri, Baş nazir Binəli Yıldırım mayın 21-də keçiriləcək III qurultayda Prezident Rəcəb Tayyib Ərdoğanın AKP-nin sədri vəzifəsinə namizədliyini irəli sürəcəklərini bildirib.
Çıxışında yenidən AKP-nin sıralarına daxil olmasından məmnunluğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “2014-cü il avqustun 27-də millətimiz tərəfindən Prezident vəzifəsində seçilməyimlə əlaqədar Konstitusiyaya əsasən, ayrılmalı olduğum, qurucusu olduğum partiyama, yuvama, sevgimə bu gün yenidən qayıdıram. Gecəmizi gündüzümüzə qataraq iqtisadiyyatdan infrastruktura, təhlükəsizlikdən ədalətə qədər bütün sahələrdə əlimizdən gələni etməyə çalışdıq, çalışırıq və çalışacağıq. İnşallah, bundan sonra da eyni qaydada yolumuza davam edəcəyik”.
1news.az