Prezident İlham Əliyev ödəmə qabiliyyətini itirmiş banklarla bağlı fərman imzalayıb
Prezident İlham Əliyev “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.36-cı maddəsinə əsasən hazırlanmışdır və ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin qeyri-işlək (toksik) aktivlərə mülkiyyət hüququnun, habelə həmin qeyri-işlək (toksik) aktivlərlə birlikdə təqdim olunan onlara dair təminata girov hüququnun özgəninkiləşdirilməsindən ibarətdir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün qeyri-işlək (toksik) aktiv dedikdə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş aktiv, habelə bu aktiv üzrə təminatlar başa düşülür.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.
3. Qeyri-işlək aktivlərin təqdim edilmə forması
3.1. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən əvvəl bank tərəfindən həmin aktivlərin qeyri-işlək (toksik) aktivlər kateqoriyasına aid olması barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi alınır.
3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan rəy 20 (iyirmi) gün müddətində verilməlidir.
3.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş mülki-hüquqi müqavilələrə uyğun olaraq həyata keçirilir.
3.4. Təqdim edilən qeyri-işlək (toksik) aktivlər digər aktivlərlə birlikdə təqdim olunursa, müqavilədə qeyri-işlək aktivlər barədə məlumatlar ayrıca qeyd olunmalıdır.
3.5. Təqdim edilən qeyri-işlək (toksik) aktivlərin dəyəri müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müstəqil qiymətləndirici (müstəqil qiymətləndiricilər) tərəfindən müəyyən edilir.
3.6. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsinə dair müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:
3.6.1. müqavilənin tərəfləri, predmeti, məbləği;
3.6.2. tərəflərin hüquq və vəzifələri, məsuliyyəti;
3.6.3. qeyri-işlək (toksik) aktivlərə ödəmə qabiliyyətini itirmiş bankın mülkiyyət hüququnu yaradan müqavilənin tərəfləri, tarixi, nömrəsi.
1news.az