Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb
Xocavənd rayonunda ilk tibbi müayinə köşkü quraşdırılıb və vətəndaşlara xidmət göstərir.
Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, kənd tibb məntəqələrinin müasir diaqnostik köşklərlə təchiz olunmasına başlanılıb.
Layihə çərçivəsində həkimin nəzərdə tutulmadığı, tibbi xidmətlərin orta tibb heyəti tərəfindən göstərildiyi kənd tibb məntəqələrində müayinə imkanlarının genişləndirilməsi planlaşdırılır. Yeni texnologiyaların tətbiqi həmin məntəqələrdə bir sıra ilkin tibbi müayinələrin aparılmasına, nəticələrin həkim tərəfindən məsafədən qiymətləndirilməsinə və zərurət yarandıqda pasiyentlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsinə imkan verəcək.
Müasir diaqnostik köşklər vasitəsilə arterial təzyiq, nəbz, bədən temperaturu, qanda şəkərin miqdarı, oksigen saturasiyası, boy, çəki və bədən kütlə indeksi (BKİ) ölçülə bilər. Bununla yanaşı, elektrokardioqrafiya (EKQ), ağciyərlərin funksional vəziyyətinin qiymətləndirilməsi üçün spirometriya, göz müayinəsi, qanın və sidiyin ümumi analizlərinin aparılması mümkündür.
Köşklərin funksional imkanlarına bədən tərkibinin təhlili də daxildir. Belə ki, bədəndə yağın faizi və kütləsi, əzələ kütləsi, su miqdarı, visseral yağ səviyyəsi və bazal metabolizm göstəricilərinin müəyyən edilməsi mümkündür.
Növbəti mərhələdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məntəqələri prioritet olmaqla tibbi müayinə köşklərinin ölkə üzrə 170-dən çox məntəqədə quraşdırılması nəzərdə tutulur.












