Mübariz Əhmədoğlu: Rusiya bütün tərəflərdən getdikcə artan təzyiq altındadır
ABŞ-ın Suriyaya raket zərbələrinin endirməsinin güc nümayişi, Çinin rəğbətini qazanmaq, Trampın ölkə daxilində reytinqini yüksəltmək kimi motivasiyaları olsa da əsas səbəb Rusiyanın maraqlarına zərbə vurmaq idi. RF bu zərbələrdən sonra öz hərbi planlarında müəyyən korreksiyalar etdi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiyada yaaranan vəziyyətlət bağlı xəbəri şərh edərkən bildirib:
“İndi həm Suriya həm də RF hərbçiləri Suriyanın daxilində özlərini rahat hiss etmirlər. Rusiya hərbi təyyarələrinin bir qismini Suriya ərazisindən çıxardı. Suriya isə hərbi qüvvələrini səpələdi. Donbas və Krım ətrafında vəziyyət yenidən gərginləşir. Ukrayna yenidən Krım ətrafında hərbi təlimlərə başladı. Donbasa elektrik enerjisinin verilməsini dayandırdı. ABŞ prezidenti, Dövlət Katibi və digər rəsmiləri Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Rusiyanın daxilində sosial narazılığın Qərbdən dəstəklənməsi davam edir. Eləcə də Rusiyanın daxilində təxribat kimi dəyərləndirilə bilən digər hadisələr də baş verir;
Baş nazir D.Medvedevin korrupsioner obrazı yaradılır. Bu hakim elita daxilində inamsızlığın şaxələnməsidir.
Bir qrup yüksək çinli rus hərbçisi Rusiyanın ABŞ qarşısında acizliyini sanballı, tutarlı dəlillərlə sübut etməyə çalışırlar. Bir neçə ay bundan qabaq bir qrup hərbiçi ABŞ-ın RƏMS sisteminin Rusiyanın Qitələr arası Ballistik Raketlərini (QABR) tuta bilmək gücündə olduğunu bildirmişdilər; Start anını müəyyənləşdirən ABŞ RƏMS-ləri sonradan QABR-ların trayektoriyasını müəyyənləşdirir və hədəfə çatmamış onu məhv edir. ABŞ RƏMS-ləri üçün bu prosesə maksimum 150 saniyə, başqa sözlə 2,5 dəqiqə vaxt lazımdır. İndi həmin qrup rus hərbçiləri bu tezisi yenidən aktuallaşdırmaqla yanaşı daha yeni təhlükə də ortalığa qoydular:
ABŞ-ın yeni hazırladığı silah Rusiya hərbisinin komanda məntəqələrini dəqiqliklə, qısa müddət ərzində məhv edə bilir. RF hərbçilərinin bu fikirlərini təkzib etmək iqtidarında olan heç bir mütəxəssis yoxdur. Amma işin digər tərəfi diqqət çəkir. Hərbçilər belə məlumatları özlərinə məxsus kanallarla ölkə rəhbərliyinə çatdırmalıdırlar. Rusiya dövlət mətbu orqanlarını ABŞ-ın hərbi gücünün təbliğinə çevirmək başa düşülmür. Eyni hadisə ilə biz ən azı üç dəfə rastlaşmışıq. Rusiya hərbisinin davranışı bir az fərqli mənzərə nümayiş etdirir. V.Putin ABŞ-ın Alyaska ştatında RƏMS-lər yerləşdirməsini RF üçün təhlükə adlandırdı və mütəmadi olaraq strateji aviasiyası Alyaska ətrafında beynəlxalq ərazilərdə hərbi uçuşlar reallaşdırır.
Türkiyə qeyri-müəyyən siyasətində hərbi elementləri antiRusiya istiqamətində gücləndirdi. Bir tərəfdən Qara dənizdə Rusiya ilə birlikdə hərbi təlimlər keçirir, digər tərəfdən Rusiyanı Suriyada kimyəvi silah tətbiqinin hamisi kimi təqdim edir. Türkiyə prezidentinin Rusiya prezidenti ilə dialoqa can atması da göz qabağındadır.
İsrail Suriya ərazisinə hücumlarının sayını artırıb. Bu İsrailin Rusiyanın İranla əlaqəli siyasətindən narazılığı fonunda baş verir.
Rusiyanın belə çox saylı neqativliklərə qarşı əlində iki yeni vasitə var.
ABŞ-ın Alyaska ştatı yaxınlığında beynəlxalq ərazilərində Suriya bombardmançıları uçuşlar keçirməyə başlayıb. Bu ABŞ-da ciddi narahatlıq yaradır. D.Trampın məsələdən məlumatı olsa da hələ ki, ciddi addım ata bilmir.
ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı müharibə etməyə hazırlaşsa da bunu dayandırdı. İndi KXDR-ə qarşı iqtisadi sanksiyalar tətbiq etmək kursunu götürüb. ABŞ bu işi BMT TŞ xətti ilə reallaşdırmaq niyyətindədir. RF ABŞ-ın KXDR-ə qarşı iqtisadi sanksiyanın tətbiqi kursunu dəstəkləməyəcəyini bildirdi. Rusiya belə sanksiyaları dəstəkləsəydi ABŞ-ın onun özünə qarşı tətbiq etdiyi sanksiyaları da legitimləşdirmiş olar.
Bürün təzyiqlərin müəllifi olan ABŞ Rusiyaya qarşı münasibətini necə quracağını bəyan etdi: Maraqları üst-üstə düşən sahələrdə əməkdaşlıq edəcəklər. Lazım olanda Rusiyaya qarşı dayanacaqlar. Reallıqda ABŞ-ın indiki kursunu belə deşifrə etmək olar. ABŞ bütün sahələr və istiqamətlər üzrə Rusiya ilə qarşıdurma kursu götürür. Yalnız ABŞ-ın maraqlarına uyğun olduqda Rusiyaya əməkdaşlıq təklif ediləcəkdir.
“Erməni soyqırımının” 102-ci ildönümü geosiyasi, mənəvi və maliyyə iflasın nümayişi oldu.
“Erməni soyqırımının” 102-ci ildönümünün qeyd olunmasında aktivlik əvvəlki illərə nisbətə zəif idi. Rəsmi Yerevanın da diqqəti azalmışdı. Orijinallıq vəfat etmiş amerikalı erməni milyarderi Kirk Kirkoryanın vəsaiti hesabına çəkilmiş “Vəd” filminin nümayişi idi. Bu filmin çəkilişinə 100 milyon dollar vəsait ayrılmışdı. Lakin Hollivud orijinal həll üsulu tapdı. 1915-ci il hadisələrinə həsr olunmuş iki film çəkdi və prokata buraxdı. Erməni və türk versiyaları əsasında çəkilmiş filmlər prokatda rüsvaycasına uduzdular. “Vəd” filminin Ermənistanda prezident S.Sərkisyanın iştirakı ilə qapalı nümayişini keçirdilər. Büdcəsi 100 milyon dollara olan “Vəd” filmi ilk bazar günlərində cəmi 4,1 milyon dollar pul yığdı. Bu iflas rəqəmidir. Filmin təbliğində L.Di Kaprio, Şer, Kardaşyan bacıları, C.Lopes, Klunilər və s. iştirak etmişdilər. Mütəxəssislərin fikrincə, heç bir Hollivud studiyası bu filmi maliyyələşdirməzdi.
Vaşinqtonda (ABŞ) “Erməni soyqırımı” muzeyinin açılması üçün nəzərdə tutulmuş bina aprelin 10-da “soyqırıma” iki həftə qalmış satıldı. Ermənistanda “soyqırımı” muzeyinin direktoru A.Demoyan bunu rüsvayçılıq adlandırdı. Bu muzeyin donorları olan Ovnanyan və Qafesçyanlar ailəsi uzun müddət məhkəmə çəkişməsi aparmışlar. Sonda Qafesçyan ailəsi qalib gəldi. Muzey açmağı məsləhət bilmədi və binanı satdı.
ABŞ prezidenti D.Tramp ilk dəfə olaraq 1915-ci il hadisələrinə münasibət bildirdi. Ermənilər D.Trampın ekstravaqant və ya gözlənilməz davranışını nəzərə alaraq “soyqırım” terminini işlədəcəyini gözləyirdilər. Eləcə də ABŞ-dakı bir qrup ermənipərəstlər və ermənilər orijinal yaltaqlanma üsulu tapdılar. Respublikaçı prezident D.Trampı respublikaçı prezident R.Reyqana oxşamağa çağırdılar. Reyqan vaxtilə “erməni soyqırımı” terminini işlədib, onun varisisən. Sən də işlətməlisən. D.Tramp B.Obamanın klişelərindən istifadə etdi. Amma Türkiyədə törədilən vəhşiliklər barədə ifadələr daha sərt idi. Eləcə də türklərlə ermənilərin barışığına dair çağırışlar ciddi deyildi.
D.Trampın müraciəti yayıldıqdan sonra ABŞ-dakı erməni təşkilatları və ermənipərəst konqresmenlər D.Trampdan narazılıqlarını bildirdilər. Türkiyə də Trampın müraciətinin mətninə iradını bildirdi.
“Erməni soyqırımının” tanınması ilə bağlı cəmi üç paytaxtda Tehran, Tbilisi və Moskvada yürüş keçirildi. Tehran və Tbilisidə aksiyalar səfirliyin qarşısında baş tutdu. Tehranda Türkiyə səfirliyinə qarşı ermənilərin etirazı daha çoxsaylı və daha sərt idi. “Erməni soyqırımının” parlament tərəfindən tanınması ilə bağlı Gürcüstandakı erməni təşkilatlarının təxminən bir ay əvvəldən müraciət etməsinə baxmayaraq Gürcüstan bu istiqamətdə müzakirə də açmadı. Rəsmi Tbilisi ermənilərə Türkiyə səfirliyinə yaxınlaşmağa son anda icazə verdi. Bu da idarə olunan halda idi.
ABŞ-dakı ermənilər ənənəvi olaraq Los-Anceles şəhərində yürüş keçirdilər. Yerevanda və Dağlıq Qarabağda keçirilən yürüşlər Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə müşayiət olundu.
ABŞ senatına “erməni soyqırımının” tanıması üçün iki palatalı qətnamə qəbul edildi.
Çexiya parlamenti “erməni soyqırımını” tanıdı. Amma bunu aprelin 24-dək deyil, 24-dən sonra etdi.
Türkiyədə parlamentin erməni deputatı K.Paylyan Almaniyanın da “erməni soyqırımına” məsuliyyət daşıdığını bildirdi.
Yüksək Kilikiya Evinin başçısı, Katolikos I Aram erməni xalqı üçün hər günün 24 aprel olduğunu bildirdi.
Qazaxıstan, o cümlədən Azərbaycan istiqamətində uğurlu siyasətini davam etdirir.
Qazaxıstan prezidenti N.Nazarbayev Azərbaycana səfər etdi. Prezident İ.Əliyevlə görüş zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə edildi. Qazaxıstanla Azərbaycan arasında heç zaman problem müşahidə olunmayıb. Dağlıq Qarabağ məsələsində Qazaxıstanın mövqeyi Azərbaycanın mövqeyinə ən yaxındır. Azərbaycanın üzv olmadığı, Qazaxıstanın isə üzv olduğu AİB və KTMT-də Dağlıq Qarabağ məsələsini Qazaxıstan həmişə diqqətdə saxlayıb. Ermənistanın mövqeyini neytrallaşdırıb. Bir neçə dəfə isə Ermənistanın qarşısına tutarlı tələb qoyub. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər çoxdur. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Cibuti məhz Dağlıq Qarabağ məsələsinə görə Ermənistanla diplomatik əlaqələrə malik deyillər. Qazaxıstanın Ermənistanla diplomatik əlaqələri olsa da bu simvolikdir. Lakin Qazaxıstanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Azərbaycanın digər tərəfdarlarından aktivliyi və funksionallığı ilə seçilir. Başqa sözlə, Qazaxıstanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Azərbaycanın siyasi diplomatik fəaliyyətinin kiçildilmiş formasıdır.
Ölkə prezidentləri iqtisadi və kommunikasiya əlaqələrini xüsusi müzakirə etdilər. Ticari-iqtisadi və kommunikasiya sahəsində qarşılıqlı faydalı layihələrin reallaşması üzrə ciddi razılıq əldə etdi. Azərbaycanın ehtiyacı olan məhsul Qazaxıstanda istehsal olunursa, Qazaxıstan bu məhsulları Azərbaycana satacaq. Məsələn, siqaret məhsulları. N.Nazarbayevin fikrincə Azərbaycanın siqaret bazarı illik 500 milyon dollardır. Bunun 250 milyon dollarını Qazaxıstan məhsulları ödəyəcəkdir. Qazaxıstan şəkəri xaricdən idxal edir, Azərbaycan isə şəkər istehsal edir. Azərbaycan Qazaxıstanın şəkər bazarına məhdudiyyətsiz miqdarda məhsul çıxara bilər. Azərbaycan Prezidenti İ.Əliyev dərhal şəkər çuğunduru istehsalının stimullaşdırması üçün yeni daha sərfəli maliyyə şərtləri müəyyənləşdirdi. N.Nazarbayev Bakıdan ölkəsinə qayıdarkən ilk olaraq Aktau şəhərinə baş çəkdi. Aktauda olarkən Azərbaycanın investisiyası ilə tikilən terminala və “Azərsun İstehsal və Logistika” mərkəzinə baş çəkdi.
Qazaxıstan Suriya tənzimlənməsi üzrə Astana formatının aktuallaşması üçün xeyli fəallıq nümayiş etdirir. Bunun üçün Xİ naziri K.Abdulrahmanov Səudiyyə Ərəbistanına səfər etdi.
Qazaxıstanın Xİ naziri Kayrat Abdulrahmanov Nyu-Yorkda ABŞ dövlət katibi R.Tillersonla görüşüb, Suriya və Əfqanıstan məsələlərini müzakirə etdi. Qazaxıstan ABŞ-ı Astana danışıqlarında müşahidəçi statusunda iştiraka dəvət etdi.
Aİ-nin də Suriya tənzimlənməsi prosesinə qoşulması istiqamətində diplomatik aktivlik başlayıb.
Qazaxıstan-Aİ münasibətlərində yeni reallıqlar baş verir. Bu məsələ Əməkdaşlıq komitəsinin həmsədrləri olan Aİ-nin xarici işlər xidmətinin direktoru L.Devin və Qazaxıstanın Xİ nazirinin müavini R.Vasilenkonun Astanadakı görüşündə müzakirə edildi. Yeni razılaşma terrorizm və iqtisadiyyat da daxil olmaqla bütün sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.
Özbəkistan prezidenti Ş.Mirziyayev qısa müddət ərzində ikinci dəfə Qazaxıstana səfər etdi.
N.Nazarbayev Çin Xalq Respublikasının baş nazirinin müavini Çjan Qaolini qəbul edərkən Qazaxıstanla Çin arasında tərəfdaşlığın xüsusi modelinin mövcud olduğunu bildirdi. Prezident N.Nazarbayev latın qrafikasına keçməklə bağlı yeni qərar verdi. Qərar yerli rusiyapərəst ekspertlərdə və Rusiyanın bəzi dairələrində ciddi müzakirəyə səbəb oldu. N.Nazarbayev müraciətlə bəyan etdi ki, latın qrafikasına keçməklə ölkə rus dilini unutmayacaq. N.Nazarbayev gənclərə saqqal saxlamağı, qızlara isə tam qara paltara bürünməyi qanun vasitəsilə qadağan etməyi təklif etdi.
S.Xankişiyeva