Makronun seçkilərdə qələbə şansı daha da artıb
Fransa prezidentliyinə namizəd, “İrəli” hərəkatının lideri və keçmiş iqtisadiyyat naziri Emmanuel Makron sutka ərzində seçkilərdə qələbə şansını bir bənd qaldırıb. Bu, “OpinionWay” kompaniyasının mayın 5-də dərc olunan sorğusunun yekununda öz əksini tapıb.
Sorğunun nəticəsinə əsasən, Makron seçkilərin ikinci turunda “Milli Cəbhə” partiyasının lideri Marin Le Peni 62 faizin 38 faizə nisbətində üstələyəcək. Sonuncu rəy sorğusu Makronun reytinqinin hər gün artmağa davam etdiyini göstərir – mayın 2-də ona səs vermək istəyən seçicilərin sayı 60 faiz, mayın 3-də isə 61 faiz olub.
Mayın 2-dən 4-dək keçirilən sorğuda seçicilər siyahısına salınmış 2264 Fransa vətəndaşı iştirak edib.
Xatırladaq ki, Fransada prezident seçkilərinin aprelin 23-də baş tutan birinci turunda 11 namizəd mübarizə aparıb. Bu turda 24,01 faiz səs toplayan Emmanuel Makronla 21,3 faiz səs yığan Marin Le Pen növbəti tura vəsiqə qazanıblar. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.
AZƏRTAC