Təhsil Nazirliyinin əməkdaşları və müəllimlər qanvermə aksiyasında – FOTO
8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib.
1news.az-ın məlumatına görə, aksiyada Təhsil Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları, müəllimlər fəal iştirak edib.
Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.
Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər.
Qeyd edək ki, qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaq.
Babək Cahandarov