Fuad Hüseynzadə: ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi Rusiyada da ictimailəşməlidir
Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsi Rusiyada da ictimailəşməlidir.
Bunu 1news.az-a açıqlamasında Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri Fuad Hüseynzadə mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsini şərh edərkən deyib:
“Son günlər Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsi Azərbaycan mediasının gündəmini zəbt edib. Bu məsələnin Azərbaycanda gündəmdə qalması Azərbaycan dövlətinin və ictimaiyyətinin narahatçılığı deməkdir. Lakin, eyni zamanda bu məsələ Rusiyada da ictimailəşməlidir. Bunun üçün Rusiyadakı diaspor öz fəallığının göstərməli, Rusiyanın tanınmış politoloq, jurnalist və s. ictimaiyyət adamlarını bu məsələyə cəlb etməlidir. Konkret desək, diaspor öz mövqeyini ortaya qoymalıdır”.
Hələ ki, ÜAK-ın ləğvi ilə bağlı məsələdə Rusiyadakı diasporda susqunluq müşahidə olunduğunu deyən təşkilat rəhbəri, azərbaycanlıların diaspor olaraq formalaşdığı ən böyük ölkənin Rusiya olmasına da diqqət çəkib:
“Rusiyadakı milli diasporun böyük potensialı var. Çünki Rusiyada Azərbaycan diasporunun fəaliyyəti hər zaman özəlliyi ilə seçilib. Bildiyimiz kimi, azərbaycanlıların diaspor olaraq formalaşdığı ən böyük ölkə Rusiyadır. Məhz buna görə də ən böyük milli diaspor təşkilatı da elə Rusiyada 2001-ci il martın 5-də Moskva şəhərində yaradılmış Ümumrusiya Azərbaycan Konqresidir. Bu təşkilat Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin dəstəyi ilə yaradılıb.
ÜAK-ın ətrafında toplaşan azərbaycanlıların uzun illərdir Rusiya dövlətinə siyasi, iqtisadi elmi töhfələr verdiklərini deyən F.Hüseynzadə bildirib ki, bir diaspor təşkilatı olaraq ÜAK Rusiya-Azərbaycan münasibətlərinin daha da sıxlaşması istiqamətində fəallıq göstərib:
“Çünki ÜAK-ən əsas məqsədlərindən biri də Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin, həmçinin vətəndaş cəmiyyətinin inkişafının möhkəmləndirilməsi olub. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ümid edirik ki, bu kimi amillər nəzərə alınaraq Rusiya Federasiyasının aidiyyəti qurumları ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarını geri götürəcək”.
Babək Cahandarov