Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda – Newtimes.az

16:40 - 22 / 05 / 2017
Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda – Newtimes.az

Fransada yeni mərkəzçi "İrəli" hərəkatının nümayəndəsinin prezident seçilməsi ekspertlərin bir sıra sualları ortaya atmasına səbəb olub. Bir tərəfdən, E.Makrona Avropa İttifaqının xilaskarı kimi baxılır, digər tərəfdən isə ölkə daxilindəki siyasi mühitin tam durulmadığı qənaəti var. Eyni zamanda, Fransada seçki ilə qlobal geosiyasətdə, o cümlədən ABŞ və Böyük Britaniyada baş verən siyasi proseslər arasında əlaqə axtarılır.

Bu kontekstdə E.Makronun qələbəsi ilə D.Trampın seçilməsi və "Brexit" arasında bağlantı görürlər. Bir çox analitiklər isə problemə, ümumiyyətlə, İkinci dünya müharibəsindən sonra Qərb siyasətinin məzmununda gedən dəyişikliklər aspektində baxırlar. Onlar hesab edirlər ki, ikili standartlar siyasəti bu gün Avropada müşahidə edilən siyasi və geosiyasi müəmmaların kökündə dayanan faktorlardandır. Bütövlükdə Fransadakı prezident seçkisinin nəticəsinin qlobal siyasətə ciddi təsir edəcəyi proqnozlaşdırılır.

Tarazlığın pozulması: Fransanın siyasi panoramı

Fransada son prezident seçkisi mövcud siyasi və iqtisadi aspektli suallara cavablardan çox, yeni sualların meydana çıxmasına təkan verdi. Ekspertlər Emmanuel Makronun dövlət başçısı seçilməsini ölkədə bir neçə ildir ki, müşahidə edilən və müəyyən dərəcədə ziddiyyətli xarakter daşıyan proseslərin məntiqi nəticəsi hesab edirlər. Əslində, bu hadisəni analitiklər beynəlxalq geosiyasi mühitdə tarazlığın pozulması ilə əlaqələndirirlər. Buna təsir edən başlıca amillər sırasında isə Donald Trampın Amerika prezidenti seçilməsi və "Brexit"in baş verməsini göstərirlər. Həqiqətən, D.Trampın ABŞ-da qələbəsi siyasi elitaya qarşı olan etirazların nəticəsi kimi qiymətləndirilir. Bu isə Amerikada ənənəvi dövlət başçısı seçimi qaydasının pozulması hesab olunur. Bunun fonunda "Brexit" də Avropanın siyasi inteqrasiyası ilə bağlı verilən proqnozların alt-üst olmasını ifadə edir.

Bunlarla yanaşı, ekspertlər qlobal geosiyasətə ciddi təsir edən Şimali Koreya məsələsini vurğulayırlar. Amerikanın regionda raketdənmüdafiə sistemlərinin yerləşdirilməsi planı Çini narahat edir, buna qarşılıq da tədbir görməyə sövq edir. Belə çıxır ki, bütün hallarda beynəlxalq aləmdə böyük dəyişiklik gedir. Bu dəyişikliyin xarakteri məlum deyil və indi o barədə dəqiq fikir söyləmək çətindir. Elə bu özəlliyinə görə, həmin vəziyyət Qərbin bütün siyasi mühitinin dinamikasına təsir etməlidir. O cümlədən Fransada siyasi səhnədə oyun qaydaları yenilənməli idi.

Fransada budəfəki prezident seçkilərinin digər özəlliyi ikinci tura ölkənin aparıcı partiyalarından heç birinin adlaya bilməməsidir. Həm hakim partiya olan sosialistlərin liderləri, həm də müxalifətçi "Respublikaçılar" partiyasının rəhbərləri baş verənləri tamaşa salonundan seyr etməklə kifayətləndilər. Məsələnin bu tərəfinə Fransanın daxilində son illər müşahidə edilən iqtisadi, siyasi və ideoloji proseslərin özəlliyi prizmasından baxmaq daha doğru olardı.

2007-ci ildə Fransada iqtisadi böhran başladı. İqtisadiyyat o vaxtdan staqnasiya vəziyyətindədir. Keçən müddətdə işsizlərin sayı kəskin artıb. 2017-ci ildə bu rəqəm ölkənin iqtisadi aktiv əhalisinin 10 faizini təşkil edir. Əsas olaraq gənclər arasında işsizlik yayılıb. İşini itirmək və terrorun qurbanı olmaq insanları getdikcə daha çox narahat etməyə başlayıb.

Bunun fonunda fransızların ənənəvi siyasi partiya və siyasətçilərə inamı itib. Sorğuların nəticəsinə görə, əhalinin 89 faizi siyasi partiyalara inamını itirib, deputatlara etibar etməyənlər 55 faizdir, Fransua Ollanda isə 75 faiz inanmırdı. Cəmiyyətdə ümumi səviyyədə depressiv əhval-ruhiyə güclənib. 29 faiz yorğunluqdan, 25 faiz bədbinlikdən, 31 faiz isə inamsızlıqdan şikayət edir.

Bütün bunların nəticəsi o oldu ki, seçicilər nə hakimiyyətdə olan solçulara (Sosialist Partiyası), nə də sağ mərkəzçilərə ("Respublikaçılar" partiyası) etibar etmədilər. Bunu siyasi liderlər öncədən sosioloji sorğular nəticəsində də müəyyənləşdirmişdilər. Fransanın iqtisadiyyat naziri, 39 yaşlı solçu Emmanuel Makron 2016-cı ilin payızında vəzifəsini tərk edərək, "nə sol, nə sağ" şüarı ilə mərkəzçi "İrəli" hərəkatını yaratdı. Bununla da Fransada son onilliklərdə sosialistlərlə respublikaçıların növbə ilə əldə etdikləri hakimiyyətin başqa bir siyasi düşərgəyə keçməsi prosesinin əsası qoyuldu. 2017-ci ilin yazında keçirilən prezident seçkisində mərkəzçi E.Makron və "milli cəbhəçi" Marin Le Pen ikinci tura adladı. Ancaq burada bir incə məqam var.

Məsələ ondan ibarətdir ki, Marin Le Pen seçilsə idi, Avropa İttifaqını dağıda bilərdi. Emmanuel Makron isə sadiq avropaçıdır, Aİ-ni canlandıracaq atlantistdir. E.Makron Aİ-ni gücləndirəcəyini və Fransa-Aİ əlaqələrini yeni səviyyəyə qaldıracağını vəd edib. Ancaq Makron Avropa İttifaqında islahatların aparılmasını bir şərt kimi irəli sürüb. Bu xüsusiyyət digər iki özəlliyi diqqətə gətirir. Məsələ ondan ibarətdir ki, son iki yüz il ərzində Fransada Makron kimi cavan prezident olmayıb. Eyni zamanda, ilk dəfə idi ki, Fransada iki ən böyük partiyanın nümayəndəsi ikinci tura çıxmadı. Makron özü mərkəzçi "İrəli" hərəkatını yaratdı ki, bunlar da Amerikada baş verənlərlə oxşardır. Orada da D.Tramp ilk mərhələdə respublikaçıların namizədi kimi seçkiyə qatılmadı. Bunlar mövcud böyük partiyaların siyasi taleyi aspektində qəribə hadisələrdir.

Avropaçılıq və təcridçilik: mübarizə davam edir

İndi yeni prezidentin qarşısında Fransanın birləşdirlməsi və Avropanın konsolidasiyası kimi iki mühüm vəzifə durur. Çünki yuxarıda vurğuladığımız kimi, təkcə beynəlxalq aləmdə deyil, ayrı-ayrı böyük ölkələrin daxilində də siyasi-ideoloji tarazlıq pozulub. Digər tərəfdən, unutmayaq ki, Fransada hakimiyyətə qarşı müxalifət ifrat sağçı Marin Le Pendir. Bu siyasətçi Fransanın yalnız köklü fransızlar üçün olduğu şüarını irəli sürür. Sonradan gəlmələr, xüsusilə müsəlmanlar kənarda qalmalıdırlar, onlar ikinci dərəcəli vətəndaş olmalıdırlar. Proqnozlara görə isə bir neçə on ildən sonra Fransada əhalinin təqribən 40 faizi miqrant mənşəli ola bilər. Açıq gözlə görünən odur ki, Marin Le Penin müxalifətçiliyi ölkəni parçalanmaya aparır.

Buna qarşılıq E.Makron Fransanı mənşəyindən və dini mənsubluğundan asılı olmayaraq bütün fransızlara aid edir. Çünki "Milli cəbhə" partiyasının əsas müxalifət partiyası olması tarazlığı pozur. Deməli, gənc prezidentə Le Pen kimi birinin müxalif olması heç də xoş deyil. Bu isə, təəccüblü də olsa, siyasi dairələrdə "makronmaniya" apatiyası yarada bilər. Bu anlayış Emmanuel Makronu yeganə xilas mənbəyi kimi qəbul etmək, əvvəlcədən siyasi manevrləri məhdudlaşdırmaq anlamına gəlir. Böyük təcrübəsi olan Fransa siyasi dairələrinin bunu dərk edə biləcəyi gözləniləndir.

Bu kimi siyasi reallıqların fonunda ekspertlər belə bir suallar da qaldırırlar: "nə üçün Qərbdə siyasi proseslər bu cür sürətlə dəyişdi? Belə situasiyaya səbəb nə oldu?" Burada ilk olaraq yada düşən demokratiya və insan haqlarını əsas silah hesab edən Avropada müxtəlif problemlərin yaranması olur. Bu problemləri Qərbin hazırkı siyasi iradəsi və kursu çərçivəsində həll etmək çətindir, bəlkə də heç mümkün deyil.

Əslində, bir məqamı unutmaq olmaz. Demokratiya və insan haqları prinsip olaraq İkinci dünya müharibəsindən sonra meydana gəldi. Və XX əsrdə baş verən faciəvi hadisələrə görə, o cümlədən İkinci dünya müharibəsinə görə məsuliyyəti yalnız Almaniyamı daşıyır? Təbii ki, yox. Məsuliyyət bütövlükdə Qərb siyasi şüurunda, həyata keçirilən ikili standartlar siyasətindədir. Bu səbəbdən Emmanuel Makronun bu gün Qərbin ümid yeri kimi görünməsi təsadüfi deyil – o, Avropanı qoruyub saxlamağa çalışacaq! Gec deyilmi? Həm də ümumiyyətlə, beynəlxalq aləmdə proseslərin qeyri-müəyyən olması və böyük dövlətlər daxilində hansı siyasi hadisələrin baş verməsini nəzərə almaq lazımdır. Belə vəziyyət bütövlükdə situasiyanı olduqca mürəkkəbləşdirir və doğru yolun seçilməsi işini xeyli çətinə salır.

Məhz bu bağlılıqda ekspertlər iki "xilaskar"ın – Donald Trampın və Emmanuel Makronun iki ənənəvi partiyadan olmamasının mümkün nəticələri üzərində baş sındırırlar. Qərb cəmiyyətləri daxilində əsrlərdir mövcud olan sosial-siyasi tarazlığın, qarşılıqlı surətdə anlaşmanın pozulmasını da unutmayaq. Təbii ki, bu cür məqamlar bütünlüklə Qərb dünyasında çoxlu sayda problemlər yaradır və onların necə həll edilə biləcəyi ilə əlaqədar düşündürücürü suallar ortaya atır. Onların sırasında Fransada iyun ayında keçiriləcək parlament seçkisində kimin qalib gələ biləcəyi mühüm yer tutur.

Belə ki, ekspertlərə görə, əgər parlament seçkisində milliyyətçilərin lideri qalib olarsa, ölkədə idarəçilik çətinləşəcək. Ona taraz ola biləcək başqa partiyalar isə yoxdur. Marin Le Pen indidən həmin günə hazırlaşır. O, milli məsələ ilə bağlı mövqeyini müəyyən qədər yumşaldıb, antiavropa ritorikasına bir istilik verib. Ancaq bunlar onun mövqeyini mahiyyətcə dəyişməyib.

Yuxarıda vurğulanan məqamlar onu təsdiq edir ki, Emmanuel Makronun seçkinin ikinci turunda 66 faiz səslə qalib olması, əslində, nə Fransada, nə də Avropada siyasi problemlərin həll olunmasını təmin etməyib. Hələ qarşıda bir çox çətinliklər vardır. Əgər parlament seçkisində ifrat müxalifət üstünlük əldə etsə, Avropanın siyasi taleyi yenə risklərə atılacaq. Başqa hansı variant mövcuddur, məlum deyil. Qlobal miqyasda da Qərbin böyük dövlətləri yanlış siyasi kursları ilə qeyri-müəyyən situasiyalar yaratmaqda davam edirlər. Deməli, Makron xilas yeri deyil, növbəti "siyasi dayanacaqdır" ki, avropaçılar bir qədər nəfəs ala bilərlər. Bəs sonrası?

Newtimes.az

Paylaş:
481

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər