Oqtay Əsədov: Ermənistanın işğalçılıq siyasəti regional əməkdaşlığa mane olur
Təəssüf ki, bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 illiyini elə bir üzv ölkə ilə qeyd edir ki, həmin ölkə özünün zəhərli ideologiyasından hələ də əl çəkməyib, bu gün də dözümsüzlüyü və zorakılığı təbliğ edir. Bu ideologiya həmin ölkəni regionda monoetnik dövlətə çevirməklə yanaşı, bütün bölgəni bulaşdırır və o ölkənin insanlarını inkişaf imkanlarından məhrum edir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısında bildirib.
Oqtay Əsədov deyib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizliyi və sabitliyi pozmaqdadır. Bu işğal bütövlükdə regional əməkdaşlığa mane olur. Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını açıq tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə tabe olmaqdan boyun qaçırır.
Milli Məclisin sədri vurğulayıb ki, güc tətbiqinin tərəqqi və mehriban qonşuluğa gətirib çıxara biləcəyi barədə Ermənistan rəhbərliyinin bəsit düşüncəsi sadəcə xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Şübhə yoxdur ki, Azərbaycan beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bütünlüklə bərpa edəcək.
S.Xankişiyeva