Elmar Məmmədyarov: Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Devid MakAlister Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdikləri görüşü yüksək qiymətləndirdi və faydalı müzakirələrin aparıldığını diqqətə çatdırdı.
Elmar Məmmədyarov Avropa Parlamentin deputatlarının səfərin və bu kimi dialoqun Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri müzakirələr edildi, ölkəmizlə təşkilat arasında strateji tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verdi, bu layihələrin üstünlüklərindən danışdı. O, həmçinin Cənub Qaz Dəhlizi və onun vacib hissələri ilə TANAP və TAP layihələrinin əhəmiyyətinə diqqət çəkdi. Nazir Azərbaycan və Aİ arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu qeyd etdi və bu xüsusda strateji tərəfdaşlığa dair sənədin imzalandığını yada saldı.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında qeyri-seçimli və vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırdı. Nazir Elmar Məmmədyarov əlavə etdi ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.
Görüşün sonunda nazir Elmar Məmmədyarov nümayəndə heyətinin müxtəlif mövzularda, xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara dair suallarını cavablandırdı.
S.Xankişiyeva