Səudiyyə Ərəbistanı İvankanın fonduna yardım edəcək
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidentinin qızı İvanka Trampın təşəbbüsü ilə yaradılmış fonda 100 milyon dollar verməyi vəd ediblər.
1news.az xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb.
Məlumata görə, bu fond Yaxın Şərqdə qadın sahibkarlara kömək etməklə məşğuldur. İvanka Tramp ilk dəfə Berlin səfəri zamanı fondu yaratmaq təşəbbüsü ilə çıxış edib. Fondun idarəetmə funksiyası Dünya Bankına həvalə edilib.
Telekanal xatırladınb ki, özünün seçki kampaniyası zamanı Tramp rəqibi demokratların namizədi Hillari Klintonu rəhbərlik etdiyi xeyriyyə təşkilatının xətti ilə “qadınları qul kimi görmək istəyən” ölkələrdən maliyyə almaqda tənqid edib. Həmin ölkələr arasında Səudiyyə Ərəbistanı da olub.
Ağ Ev hələ bu məlumatları şərh etməyib.
İvanka Tramp rəsmi vəzifə tutmasa da, ABŞ-ın yeni administrasiyasının işində fəal iştirak edir.
Pərvanə Sultanova