Balaca rəssamlar Misir mədəniyyəti ilə tanış olub
Misir Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə tədbir keçirilib.
1news.az-a mərkəzdən verilən məlumata görə, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib.
Tədbiri açan mərkəzin rəhbəri Əhməd Sami Elaydi şagirdləri Misir mədəniyyəti ilə tanış edib və çarxlı video slayda baxmağa dəvət edib.
Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək mütaliənin rolu barədə danışıb. Bildirib ki, uşaqların mütaliəsı – bu informasiya cəmiyyətində həyata açardır:
“Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab ərsəyə gətirmək olar. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir, zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə asanlıqla yol tapa bilir. Bugünki tədbirimiz də İslam Həmrəyliyi İli çərçivəsində keçirilirən tədbirlərdən biridir.
Məqsədimiz ecazkar Misir nağılları haqqında nəşr olunacaq kitaba illustrasiyalar çəkən rəssamların Misir mədəniyyəti ilə daha yaxından tanış olmaları və kitabxanadan səmərəli istifadə etmələridir. Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var”.
Balaca rəssamlar Misir Mədəniyyət Mərkəzində eksponatlarla və zəngin kitabxana ilə tanış olublar. Hər bir iştirakçıya Misir haqqında kitabçalar, xəritələr verilib.
Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Misir Mədəniyyət Mərkəzinin kitabxanasına Firidun bəy Köçərlinin “Balalara hədiyyə”, İlyas Tapdıq və Firidun bəy Köçərli biblioqrafiya kitablarını hədiyyə edib.
Pərvanə Sultanova