Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsi ətrafında çoxlu dəyişiklik olsa da, ATƏT MQ-nin iş metodları dəyişməz qalıb
Son 20 il ərzində ən az dəyişikliyin olduğu istiqamət məhz Dağlıq Qarabağ probleminin tənzimlənməsidir. Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi, iqtisadi, hərbi proseslərdə isə kifayət qədər ciddi dəyişikliklər baş verib.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Rusiya və ABŞ bütün məsələlər üzrə az qala kəskin qarşıdurma mövqeyindədir. Yalnız Dağlıq Qarabağ məsələsində onların barışıq elan etməsi sadəcə diplomatik ritorikadır.
ABŞ-ın Cənubi Qafqazda mövqeyini gücləndirə bilmədiyini, gücünün yalnız Rusiyanın mövqeyinin güclənməsinin qarşısını almağa çatdığını deyən M.Əhmədoğlu Suriya məsələsinin Cənubi Qafqaz regionu üçün kifayət qədər yeni reallıqlar yaratdığını söyləyib:
“Dağlıq Qarabağ tənzimlənməsinə iqtisadi və humanitar elementlər qoşulub. Artıq Azərbaycandan dəfələrlə humanitar təkliflər ortalığa çıxıb. Azərbaycan diplomatik təşəbbüsləri ələ alıb. Diplomatik hücumu yeni səviyyəyə qaldırıb. Bakıya bir neçə erməni ziyalısı gəlib və yenilərinin də gələcəyi gözlənilir”.
Azərbaycanın dəfələrlə Ermənistanla iqtisadi əməkdaşlığa hazır olduğunu bəyan etdiyini xatırladan M.Əhmədoğlunun sözlərinə görə, əsas odur ki, Ermənistanın vəziyyəti əməkdaşlığa imkan versin. Bunun üçün Ermənistan işğal olunmuş bütün əraziləri tərk etməlidir:
“Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində hərbi insidentlərin sayı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb. Hərbi insidentlərin kəsərliyi və istifadə olunan silahların çapı da getdikcə artır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri isə 1997-ci ildə özləri üçün müəyyənləşdirdikləri metodlar köhnəlmiş, günün reallıqlarına cavab verməyən metodlardır. Bu metod regionda iri müharibəni labüd edir”.
M.Əhmədoğlu bildirib ki, ATƏT MQ konseptual yanaşmasını, iş stilini dəyişməlidir:
- Qarabağ münaqişəsinin tənzimlənməsində son reallıqları əhatə edən, müasir standartlara cavab verən iş metodu hazırlamalıdır.
- ATƏT MQ “Sülh platforması”nı dəstəkləməlidir. Vətəndaş dialoqu belə başlayır. Bu qarşılıqlı inama aparan yoldur.
-ATƏT MQ Ermənistanda Azərbaycan almasına olan münasibəti ciddi təhlil etməli və uyğun nəticə çıxarmalıdır.
- ATƏT MQ ermənilərdə ictimai şüurun əyriliyini başa düşməli və dərk etməlidir.
- ATƏT MQ şəffaf və yeni metodologiya təqdim etməlidir.
Babək Cahandarov