Azərbaycan və Rusiya Bakıda helikopter servis mərkəzinin yaradılmasına dair sənəd imzalayıb
Azərbaycan və Rusiya Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair 2017-cu il üçün Əsas Tədbirlər Planını imzalanıb.
"Azərbaycan Hava Yolları"ndan 1news.az-a verilən məlumata görə, Moskvada 10-cu HeliRussia-2017 Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycanda helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair danışıqların növbəti raundu keçirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov, “Vertoletı Rossii” Holdinqinin Baş Direktoru Andrey Boqinskiy, "Silk Way Holding"-in Prezidenti Zaur Axundov və “Silk Way Helicopter Services”-in Baş Direktoru Azər Sultanov danışıqlarda iştirak ediblər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın 16-cı iclasının qərarlarının yerinə yetirilməsi çərçivəsində tərəflər Azərbaycan Respublikasında Rusiya və sovet istehsalı mülki və hərbi helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin açılmasına dair layihənin həyata keçirilməsində qarşılıqlı marağını təsdiqləyiblər.
Sözügedən layihə üzrə birgə işə 2016-cı ildə başlanılıb. Bakıda “ADEX 2016” sərgisi çərçivəsində "Silk Way Helicopter Services" və "Vertolyotı Rossii" Azərbaycan ərazisində Rusiya istehsalı Мi-8/17 tipli mülki helikopterlərin təmiri üzrə servis mərkəzinin açılmasına dair saziş imzalanıb.
Başlanan işin davamı olaraq 10-cu HeliRussia-2017 Beynəlxalq Sərgisində "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və “Vertoletı Rossii” Holdinqinin Baş Direktoru Andrey Boqinskiy "Azərbaycan ərazisində Rusiya və sovet istehsalı mülki helikopter texnikasının təmiri və texniki xidmət üzrə servis mərkəzinin təşkili layihəsinə dair 2017-ci il üçün Əsas Tədbirlər Planı"nı imzalayıblar.
"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A, Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, Мi-8МТВ-1, Мi-8АМТ helikopterləri¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir.
"Vertolyotı Rossii" - Rusiyada helikopterlərin yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi helikopterlərin layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. “Vertolyotı Rossii” holdinqi “Rostex” Dövlət Korporasiyasının strukturuna daxildir.
1news.az