Sankt-Peterburqda AZƏRTAC və Sinxua arasında birgə layihələrin reallaşdırılması müzakirə olunub
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Çinin Sinxua agentliyi əməkdaşlığı genişləndirmək və birgə layihələr həyata keçirməklə bağlı razılaşma əldə ediblər.
1news.az-ın məlumatına görə, bununla bağlı müzakirələr Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və Sinxua-nın vitse-prezidenti Janq Sutanq arasında iyunun 2-də keçirilən görüşdə aparılıb.
Baş direktor Aslan Aslanov AZƏRTAC ilə Sinxua-nın uzun müddətdir səmərəli əməkdaşlıq etdiyini, sıx informasiya mübadiləsi apardığını, birgə fotosərgilər həyata keçirdiyini qeyd edib. Bildirilib ki, AZƏRTAC-da Çin dilində informasiya redaksiyası fəaliyyət göstərir, agentlik Bakıdakı Konfutsi İnstitutu ilə sıx əməkdaşlıq edir. Hazırda agentliklərin yeni tərəfdaşlıq müqaviləsinin layihəsi üzərində iş aparıldığını deyən Aslan Aslanov sənədin Sinxua agentliyinin prezidenti Çai Minqjao ilə Bakıda imzalanmasından məmnun olacağını vurğulayıb.
Janq Sutanq Sinxua agentliyinin AZƏRTAC ilə əməkdaşlığa önəm verdiyini, birgə layihələrin həyata keçirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin onların marağında olduğunu diqqətə çatdırıb. AZƏRTAC-da Çin dili redaksiyasının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edərək o, Sinxua-nın da bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu söyləyib. Janq Sutanq Azərbaycan, onun mədəniyyəti və inkişafı haqqında çox eşitdiyini, dünyanın gözəl şəhərlərindən birinə çevrilmiş Bakıya məmnuniyyətlə səfər etmək istədiyini deyib.
Görüşdə hər iki agentlik tərəfindən “Bir kəmər – bir yol”, Böyük İpək Yolu, həmçinin Azərbaycanın və Çinin iştirak etdiyi digər böyük layihələrə informasiya dəstəyinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi müddətdə Sinxua ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi yolları, OANA-nın saytında üzv agentliklərin fəallığı, qarşılıqlı informasiya mübadiləsi və digər məsələlər müzakirə olunub.
Babək Cahandarov