Mübariz Əhmədoğlu: Suriya ərazisi ABŞ-İran hərbi qarşıdurması məkanına çevrilir
ABŞ prezidenti D.Tramp Səudiyyə Ərəbistanından başlayan ilk xarici səfər turnesinə çıxdı. D.Trampın Səudiyyə Ərəbistanına səfərinə sayılı günlər qalmış ABŞ Suriya hökumət qoşunun hərbi kolonuna atəş açdı. Bu kolona İran hərbçiləri başçılıq edirmiş. Buna görə də ABŞ hərbçiləri bu kolonu özləri uçun təhlükəli hesab edərək bombardman ediblər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ABŞ prezidenti D.Trampın Səudiyyə Ərəbistanına səfəri, Gürcüstan-ABŞ münasibətləri, eləcə də Ermənistanda parlament seçkiləri ilə bağlı xəbəri şərh edərkən bildirib:
Daha maraqlısı odur ki, ABŞ Suriyadakı İrana məxsus qüvvələri bombalayarkən Rusiyaya əvvəlcədən məlumat veribmiş. Bununla da ABŞ İranın Suriyadakı iştirakından narazı olduğunu bildirdi. Eləcə də İran ABŞ-ın Suriyada deeskalasiya prosesinə qoşulmasının əleyhinədir.
Trampın Səudiyyə Ərəbistanına səfərində iki gündəlik var idi. Bunlardan birincisi ABŞ-ın nəzərdə tutduğu gündəlik idi. Burada siyasət və ya geosiyasət minimal, iqtisadiyyat isə maksimum idi. ABŞ-la Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalandı. Bu bəşər tarixində bir dəfəyə imzalanmış ən böyük məbləğli müqavilədir. Eləcə də bu müqavilənin davamı olaraq və digər sahələri də nəzərə alaraq yaxın on ildə ABŞ Səudiyyə Ərəbistanına 350 milyard dollarlıq müqavilələr reallaşdırmalıdr. Trampın səfəri zamanı Səudiyyə Ərəbistanının gündəliyi isə sırf siyasi və ya geosiyasi tutumlu idi. Səudiyyə Ərəbistanının rəhbərliyi ABŞ-la xüsusi münasibətlərə malik olduğunu həm öz xalqına, həm ərəb dünyasına həm də eləcə bütöv İslam dünyasına nümayiş etdirməyi qarşısına məqsəd qoymuşdur. Buna nail oldu. “ABŞ-Səudiyyə Ərəbistanı”, “ABŞ-Ərəb ölkələri”, “ABŞ-İslam dövlətləri” adlı üç mərhələdə tədbirlər keçirildi. Sonuncu konfrans daha çox diqqət çəkir. 54 İslam dövlətindən 50-si bu konfransda iştirak edirdi. Onlardan 30-u prezident və baş nazir səviyyəsində təmsil olunurdu.
D.Tramp terrorizmdən Ərəb ölkələrinin daha çox əziyyət çəkdiyini bildirməklə yanaşı İslam ölkələrini radikalizmlə mübarizəyə başçılıq etməyə dəvət etdi. ABŞ prezidenti müsəlman liderlərinə xitabən “Biz kimisə öyrətmək, nəsihət vermək, nə etmək, Allaha necə inanmaq məsələlərini öyrətmək məqsədi ilə burda deyilik. Məqsədimiz qarşılıqlı maraqlara və dəyərlərə söykənərək hamı üçün daha yaxşı gələcək qurmaqdır”. Tramp İranı terrorizmi dəstəkləməkdə ittiham etdi. O çıxışında məqsədləri sülh olmayan İranı izolə etməyə səsləndi.
D.Trampın İranla bağlı fikirlərinin təkamülünə bələd olanlar onun konfrans zamanı antiİran fikirlərinin yumşaldığını təsdiq edə bilərlər. Daha vacibi isə Tramp İslam dininin yeni imici uğrunda fəaliyyətə başladığını ehtimal etməyə əsas yaratdı. O, İslam dinini terrorçuluqla əlaqələndirilməsinin əleyhinə oldu. Belə yanaşma İslam dünyasında çoxdan var və tərəfdarları da az deyil. Amma İslam dininin qərbə yeni daha doğrusu real imicdə təqdim olunması Azərbaycanda dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevrilib. Azərbaycan Prezidenti İ.Əliyevin konfransda iştirakını da məhz bu kontekstdən qəbul etmək mümkündür.
Səudiyyə Ərəbistanın kralı isə İranı qlobal terrorizm nizəsinin ucluğu adlandırdı.
Ər-Riyad sammiti Suriya və İraqdakı əməliyyatları müdafiə etmək məqsədi ilə 34 min hərbiyə malik kontingent yaradılması barədə qərar qəbul edildi. Ər-Riyadda ekstremist ideologiyaya qarşı qlobal mərkəz açıldı.
İran Səudiyyə Ərəbistanında D.Trampın iştirakı ilə keçirilən tədbirlərə sərt reaksiya verdi. Həm ali rəhbər, həm də prezident sərt tənqidi fikirlər səsləndirdilər. Səudiyyə Ərəbistanının ABŞ üçün sağmal inəyə çevrildiyini bildirdilər. Ali rəhbər Səudiyyə Ərəbistanını İslamın düşmənlərini maliyyələşdirməkdə ittiham etdi.
Gürcüstan-ABŞ münasibətlərində baş verənləri sıçrayış adlandırmaq olar.
Prezident D.Tramp imzaladığı “Konsolidə olunmuş ayırmalar aktında” Gürcüstanla münasibətlərə əlahiddə yer ayırdı. Gürcüstanın işğal olunmuş iki regionunu tanıyan dövlətlərə qarşı ABŞ hətta sanksiya qəbul edə bilər. Baş nazir Q.Kvirikaşvili ABŞ-da səfərdə oldu. Prezident D.Tramp, vitse-prezident M.Pens və Dövlət Katibi R.Tillersonla görüşlər keçirdi. D.Tramp özünün tvitter mikro blokunda “bu gün mən Ağ Evdə Georgi Kvirikaşvilini salamlamaqdan şərəf duydum” sözlərini yazdı. Q.Kvirikaşvilinin fikrincə, D.Tramp Gürcüstanla münasibətlərin möhkəmləndirilməsi üçün aydın siqnallar verdi. Q.Kvirikaşvili vitse-prezident M.Penslə uzun müddətli müzakirələr apardığını bildirdi. Prezident Q.Marqvelaşvili D.Trampın imzaladığı sənədi yüksək qiymətləndirdi. Həm də Q.Marqvelaşvili Q.Kvirikaşvilinin ABŞ-dakı görüşlərini gürcü diplomatiyasının qələbəsi kimi qiymətləndirdi. Səfər zamanı təhlükəsizlik, kəşfiyyat məlumatlarının mübadiləsi barədə sənədlər imzalandı. D.Tramp Gürcüstanla ABŞ arasında münasibətlərin qurulmasının 25 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda Gürcüstanın müstəqillik və demokratiyasının həmişəki kimi bütün dünyanı ruhlandırdığını bildirdi.
NATO PA-nın növbəti iclası Gürcüstanda keçirildi. Yekun sənəddə Gürcüstanın NATO üzvlüyünə dəstək ifadə edildi. Amma hələki NATO PA hesab edir ki, Gürcüstan üzvlüyə fəaliyyət planı (ÜFP) statusunda olmalıdır. Gürcüstanın Xİ naziri M.Canelidze ölkəsinə ÜFP lazım deyil, NATO-nun üzvlüyü lazımdır. Onun bu fikrini prezident və baş nazir dəstəklədilər. NATO PA-nın iclasından bir neçə gün öncə NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri U.Lahyu qətiyyətlə bildirdi: “Qərar qəbul edilmişdi və Gürcüstan hökmən NATO-ya üzv olacaqdır. 25 NATO üzv dövlətlərinin təmsilçiləri Tbilisiyə məhz Gürcüstana dəstək vermək üçün toplaşıblar.”
NATO Gürcüstanın limanlarında özünün qoşunlarını yerləşdirməyəcəkdir. Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çox millətli briqada vasitəsilə reallaşdıracaqdır. Bu barədə NATO Baş Katibinin müavini Rouz Gettemiller məlumat verdi.
Sərkisyan Kremlin adamının parlamentə sədr seçilməsinə imkan vermədi.
Ermənistan parlamentinin sədri “Taşir” qrupunun başçısı S.Karapetyanın qardaşı K.Karapetyan deyil, A.Babloyan seçildi. A.Babloyan L.Ter-Petrosyanın dövründə səhiyyə naziri işləmişdi. Parlamentdə Ermənistan-Fransa Dostluq Qrupuna başçılıq edirdi. A.Babloyanı aralıq fiqur hesab etmək olar. Çox güman ki, indiki vitse-spiker, keçmiş ədliyyə naziri A.Ovannisyan spiker təyin ediləcəkdir. Parlamentin spikeri mövzusunda əsas vurğu Moskvanın planlarını pozmaq idi. Kreml “Taşir” qrupunun başçısı S.Karapetyanın qardaşı K.Karapetyanı baş nazir görmək istəyirdi. S.Sərkisyan bunun qarşısını almaq üçün “Qazprom” Karen Karapetyanı baş nazir təyin etdi. İndi də S.Sərkisyan S.Karapetyanın qardaşını parlamentin spikeri olmasına imkan vermədi. Bu da Kremlin arzusu idi.
S.Karapetyanın qardaşı K.Karapetyan parlamentin ilk iclasına S.Sərkisyanın çıxışı bitdikdən sonra daxil oldu.
Parlamentin ilk iclasında hökumət istefaya göndərildi. Eyni zamanda dərhal K.Karapetyanı yenidən baş nazir təyin etdi. Parlamentdə çıxışında S.Sərkisyan 2040-cı ilədək ölkə əhalisinin sayının 4 milyona, ÜDM-in isə 3500 dollardan 15 min dollara çatdırılmasını məqsəd qoydu.
Bu fonda Baş nazir K.Karapetyanın S.Sərkisyandan narazılığı artır. Baş nazir K.Karapetyan 2018-ci ildə S.Sərkisyanın əvəzinə Ermənistanın başçısı olmağa hazır olduğunu bəyan etdi.
Baş nazir K.Karapetyanın Gümrüdə aldığı obyektdə tikinti işləri tamamilə dayandırılıb. Görünür K.Karapetyan özünün gələcək perspektivinə şübhə ilə yanaşır.
S.Xankişiyeva