Türkiyənin məşhur caz qrupu Bakıda konsert verəcək
İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olunacaq.
1news.az xəbər verir ki, tərbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşavirliyinin təşkiltaçılığı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutacaq.
Müşavirlikdən verilən məlumata görə, bakılılara yay mövsümü ərəfəsində beynəlxalq caz layihəsi təqdim olunacaq. Bu layihədə Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak edirlər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edir.
İlk olaraq, axşam saat 18.30-da “Önder Focan ve Şalliel Bros” qrupu konsert verəcək.
Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjemançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə “Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonist qardaşlar Anıl və Batuhan Şallıel iştirak ediblər. Albom ilk olaraq Bakıda təqdim olunacaq.
Daha sonra oruc tutanlara iftar vaxtı qəlyanaltı süfrəsi açılacaq.
Saat 20:30-da isə Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Fransa-Belçika caz triosu – Elçin Şirinov, Linley Marthe və Stephane Gallandın konserti baş tutacaq. Dinləyicilər müxtəlif ifa üslubları ilə tanış olacaq, mədəniyyətlərin unikal musiqi sintezindən həzz ala biləcəklər.
P.Sultanova