Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc olunub – FOTO
Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyi və 28 May - Respublika Günü münasibətilə Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnallarında və bir sıra portallarda məqalələr dərc edilib.
1news.az-ın məlumatına görə, məqalələrdə Azərbaycan dövlətçiliyinin təşəkkülü, ölkəmizin iqtisadi və turizm potensialı, erməni təcavüzü, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi barədə bəhs edilir.
Dünyanın ən qədim və zəngin mədəniyyətlərindən birinə malik Azərbaycanın tarixi dövlətçilik ənənələrinin formalaşması prosesi ətraflı izah olunur. Qeyd edilir ki, Azərbaycan xalqı 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini yaradıb, ilk teatr və opera Azərbaycanda təsis edilib, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququ bu ölkədə verilib. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkənin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub. Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi islahatlar nəticəsində ölkədə sabitlik təmin edilib, iqtisadi, sosial inkişafa nail olunub, insan hüquqları və demokratiya sahələrində tərəqqi əldə edilib.
Məqalələrdə Azərbaycanın balanslı xarici siyasət yürütdüyü, Qərblə Şərq arasında mədəni körpü rolunu oynadığı nəzərə çatdırılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir.
Azərbaycanın Qərblə Şərq, Şimalla Cənub arasında nəqliyyat və enerji qovşağı olduğu barədə söhbət açılan yazılarda zəngin xammal ehtiyatına malik bu ölkənin son 10 ildə əldə etdiyi iqtisadi uğurlardan bəhs edilir. Həmçinin Azərbaycanın tarixi, dini, mədəni abidələri, istirahət məkanları, turistlərin Pakistandan Azərbaycana getməsinin əlverişli yolları, “ASAN Viza” sistemi barədə məlumat verilir.
Məqalələrdə Azərbaycanda İslam dəyərlərinin, İslam mədəniyyət nümunələrinin mühafizəsi, eyni zamanda, İslam həmrəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında da söhbət açılır. Vurğulanır ki, Azərbaycan ilk səfirliklərini müsəlman ölkələrində açıb, bu gün də İslam dünyasını birləşdirən İƏT və ISESCO kimi təşkilatların işində fəal iştirak edir. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünü birmənalı olaraq pisləyib və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb edib. Bu işğala görə Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı bir dövlət kimi tanımayıb, Türkiyə isə onunla diplomatik əlaqələr qurmaqdan imtina edib.
Oxucuların diqqətinə çatdırılır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bu ilin mayında Bakıda 54 İslam ölkəsinin atletlərinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Məqalələrdə vurğulanır ki, İƏT və Avropa Şurasının üzvü kimi Azərbaycan Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmindədir.
Babək Cahandarov