İran məsələsi: yenidən geosiyasi proseslərin ön sıralarında – Newtimes.az
Amerikanın İranla münasibətlərində dramatizm demək olar ki, bitmir. İndi də dövlət katibi Reks Tillerson son bəyanatlarının birində çox ciddi informasiyalar verib. Məlum olur ki, Vaşinqton Tehranla toqquşmalardan çəkinməyəcək.
Amerika rəsmisi bunun səbəblərini də deyib. Onlar Donald Trampın seçkiqabağı ittihamlarından faktiki olaraq fərqlənmir. ABŞ İranın Yaxın Şərqdəki fəaliyyətindən və nüvə potensialını inkişaf etdirmək əzmindən narahatdır. Bunun konkret nümunələrindən biri kimi Tehranın uzaqmənzilli ballistik raketləri sınaqdan keçirməsi göstərilir. Bunların fonunda isə İranın Qərb, Rusiya və Cənubi Qafqaz istiqamətlərində atacağı addımlar təhlil olunur.
Tehrana qarşı sərt ritorika: Vaşinqtonun arqumentləri
Donald Tramp İran məsələsini yenidən aktuallaşdırır. Seçki kampaniyasında bu barədə o, bir sıra vədlər vermişdi. D.Tramp hesab edir ki, Tehranla imzalanan nüvə sazişi Qərbin maraqlarına cavab vermir. Çünki gec və ya tez İran nüvə silahı istehsal edəcək. O, bu fikrindən əl çəkməyib. Sübut kimi sazişdə olan boşluqları və Tehranın uzaqmənzilli ballistik raketləri sınaqdan keçirməsini göstərib.
İndi dövlət katibi Reks Tillerson daha konkret və kəskin fikirlər ifadə edir. ABŞ diplomatik qurumunun şefi məsələni yalnız nüvə sazişi ilə məhdudlaşdırmır. Onun dediyinə görə, İran terroru maliyyələşdirir, kiberhücumlar təşkil edir, Fars körfəzində gəmilərin hərəkətinə mane olur və insan haqlarını pozur (bax: Назад, в эпоху угроз и войн / "Росбалт", 20 aprel 2017).
R.Tillerson İranı daha konkret məsələlərdə ittiham edərək deyib: "İran terrorizmi maliyyələşdirməkdə dünya lideridir və çoxlu sayda münaqişələrə, Suriya, Yəmən, İraq və Livan kimi ölkələrdə ABŞ-ın maraqlarını pozmağa, həmçinin İsrailə olan hücumlara dəstək verdiyinə görə məsuliyyət daşıyır" (bax: əvvəlki mənbəyə). Etiraf etmək lazımdır ki, bunlar kifayət qədər ciddi ittihamlardır. Söhbət faktiki olaraq İrana qarşı müharibə ritorikasının yeni miqyas almasından gedir.
Belə aydın olur ki, Vaşinqton İranla münasibətlərin normallaşması üçün heç bir addım atmaq fikrində deyil. Əksinə, Tehranı cəzalandırmaq istiqamətində yeni bəhanələr irəli sürə bilər. Həm də maraqlıdır ki, ABŞ administrasiyası İranı Şimali Koreyaya qarşı çox sərt mövqe tutması fonunda təqsirləndirir. Hətta onlar arasında bağlılıq axtarır. Konkret olaraq R.Tillerson bəyan edib ki, İranla bağlanan saziş "keçmişin uğursuz yanaşmasıdır ki, bizi Şimali Koreya tərəfdən qaçılmaz təhlükəyə gətirib çıxardı" (bax: əvvəlki mənbəyə).
Buradan məntiqi olaraq alınır ki, Vaşinqtonun fikrinə görə, Pxenyan Tehrana qarşı Qərbin güzəştli davranmasından belə nəticə çıxarıb ki, sonda nüvə silahına görə cəzalandırılmayacaq. Buna görə Şimali Koreya durmadan öz nüvə potensialını artırır və qonşularını təhdid edir. Təhdid məsələsində Amerika İranın Suriyada təhlükəli işlər gördüyünü ayrıca vurğulayır. Belə hiss edilir ki, Suriyada Tehranın Bəşər Əsədi aktiv dəstəkləməsini ABŞ qəbul etmir. "Hizbullah" və xüsusi yaradılmış digər şiə hərbiləşmiş qrupları antiamerika mövqeyindən Suriyada vuruşurlar.
Digər problem Yəməndəki vəziyyətlə bağlıdır. Rusiya KİV-in yazdığına görə, Tehran orada husiləri (şiə hərbi qrupudur) maliyyələşdirir, onlara təlim keçir, hazırlayır və idarə edir (bax: Иран В Фокусе Ближневосточной Игры Трампа / "Iran.ru", 5 aprel 2017). Deməli, əsas məsələ Yaxın Şərqdə Amerika ilə İranın maraqlarının toqquşmasından ibarətdir və Vaşinqton artıq buna son qoymaq fikrindədir. Bunun üçün ən sərt üsullara belə əl atmağa hazır kimi görünür.
Onu nəzərə alaq ki, İsrail bir neçə dəfə B.Obama administrasiyasına İranla bağlanan sazişin doğru olmadığını diplomatik kanallarla çatdırmışdı. Ancaq onda Obama mövqeyini dəyişmədi. İndi görünür ki, D.Tramp sükanı dəyişir. Onun İranla mübarizədə yeni üsullardan istifadə edəcəyi ehtimalı artır. Bunun fonunda isə Tehranın regionun böyük dövlətləri və Cənubi Qafqaz istiqamətində hansı addımları ata biləcəyi maraq doğurur.
Yaxın Şərqdə Tehrana kimlər müttəfiq ola bilərlər? Hələlik böyük dövlətlərdən bu aspektdə dəqiq mövqe ifadə edilməyib. Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və başqa ölkələrin rəsmi dairələri birbaşa İranı müdafiə edən fikirlər söyləməyiblər. Hətta Ər-Riyadın İrana qarşı Amerika ilə birgə fəaliyyət göstərməyə hazır olduğundan bəhs edirlər. Misir prezidentinin ABŞ-a səfəri zamanı D.Trampa "mənim sizə xüsusi simpatiyam var" kimi fikir bildirməsi Qahirənin də İranla yaxın münasibətlər qurması ehtimalını minimuma endirir.
İran və Cənubi Qafqaz: əsas maneə kimdir?
Türkiyəyə gəldikdə, referendumdan sonra bu ölkənin xarici siyasətində konkret hansı dəyişikliklərin olacağı aydın deyil. Buna baxmayaraq, Ankara bir neçə dəfə Tehranı Suriyada pozucu fəaliyyət göstərməkdə suçlayıb. Bu ölkələrin orada fərqli geosiyasi maraqları var. Xüsusilə Mosul və Kərkük məsələsində fikir ayrılığı ciddidir. KİV şiə hərbi qruplaşmalarının sünnilərə qarşı amansız davrandığından yazır. İstənilən halda, İran-Türkiyə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir.
Bunlar onu göstərir ki, Yaxın Şərqdə İranın geosiyasi taleyi qeyri-müəyyəndir. Hansı ölkələrin ona müttəfiq olacağı aydın deyil. İraq və Suriyanın indiki rejimləri və bir sıra region ölkəsində Tehranı dəstəkləyənlər vardır. Amerika isə asanlıqla bu mənzərəni poza bilər. Lakin İran KİV-i bir versiyanı ortaya atmaqdadır. Onlar Amerikaya qarşı Rusiya-İran ittifaqının yarandığına əmindirlər (bax: Союз России и Ирана против Трампа / inosmi.ru, 20 aprel 2017).
Arqument kimi Vaşinqtonun İranla yanaşı, Rusiyanın da Yaxın Şərqdəki maraqlarına qarşı çıxdığı göstərilir. Bunun fonunda Misir və Rusiyada törədilən terror aktları, Amerikanın Suriya hərbi bazasını bombalaması, İsveçdə terror törədilməsi kimi faktlardan danışılır (bax: əvvəlki mənbəyə). Deməli, faktiki olaraq Suriya Tehranla Moskvanı eyni geosiyasi cəbhədə saxlamış olur. Eyni zamanda, burada başqa bir məqam da özünü göstərir. Biz İranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərini inkişaf etdirməsini nəzərdə tuturuq. İranla Azərbaycan arasında əməkdaşlıq normal tempdə inkişaf edir. İki ölkə qonşu və dost ölkələr kimi əlaqələrin yeni səviyyəyə yüksəlməsi üçün addımlar atırlar. Bu proses indi də davam edir. Əlavə olaraq "Yeni İpək Yolu" layihəsi çərçivəsində tərəflər arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
Ermənistanla İranın yaxşı münasibətlərdə olması ənənəsi vardır. Bir sıra erməni ekspertlər bu faktdan sui-istifadə istifadə edərək, İranı da anti-Azərbaycan mövqeyində göstərməyə çalışırlar. Lakin reallıq tamamilə fərqlidir. Bununla yanaşı, Tehran-İrəvan xəttində aktivlik hiss edilir. İki ölkə enerji və nəqliyyat sahələrində proqramlar həyata keçirmək fikrindədirlər. KİV-in yaydığı informasiyalara görə, bu prosesə Gürcüstanı da qoşmaq planı vardır.
Həmin kontekstdə İranın xarici işlər naziri Zərifinin Tbilisiyə səfəri zamanı ifadə etdiyi bir fikri misal gətirilir. İranlı nazir deyib: "Gürcüstan, İran, Azərbaycan, Ermənistan əməkdaşlığı mümkündür" (bax: Станислав Тарасов. Tбилиси формирует новую восточную политику без оглядки на Баку и Анкару / Regnum, 19 aprel 2017). Guya Tehran Cənubi Qafqazda elə addımlar atır ki, həm Türkiyə, həm də Rusiyanın maraqlarına uyğun deyil. İranın təklif etdiyi variantda Avropaya daha ucuz qiymətə yük çatdırmaq mümkün olacaq. Bunun üçün isə Azərbaycana və Türkiyəyə ehtiyac qalmır. Rusiyaya gəldikdə, İran faktiki olaraq Moskvanın dəstəklədiyi Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini azaldır, yəni Azərbaycan faktoru bu istiqamətdə zəifləmiş olur (bax: əvvəlki mənbəyə).
Təbii ki, bütün bunlar cəfəngiyatdır. İranın Gürcüstanla əməkdaşlığının Azərbaycana, yaxud Türkiyəyə mənfi təsiri ola bilməz. Rusiya isə Ermənistanı, Abxaziyanı və Cənubi Osetiyanı dəstəklədiyinə görə, Gürcüstanın onunla geniş əməkdaşlığı hələlik ağlabatan deyil. İran da bunu yaxşı bilir və planlarında nəzər alır. Belə çıxır ki, İranın Cənubi Qafqaz regionunda əməkdaşlığı qarşısında dayanan yeganə amil Ermənistanın təcavüzkar siyasətidir. Başqa heç bir faktor Tehranın bu bölgədə fəaliyyətinin inkişafına maneə yaratmır.
Bir sözlə, İran məsələsinin yenidən geosiyasətin gündəminin ilk sıralarına çıxarılması əsasən qeyri-müəyyənlik yaradır. Burada proseslərin hansı istiqamətdə inkişaf edəcəyi daha çox Amerikanın atacağı addımlardan və onlara İran-Rusiya cütlüyünün verəcəyi reaksiyadan asılı olacaq.
Newtimes.az