Şüvəlandakı “tarixi mülk” iddiası təkzib olundu: Süni intellektlə yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Şüvəlandakı “tarixi mülk” iddiası təkzib olundu: Süni intellektlə yaradılıb

Qafar Ağayev16:55 - Bu gün
Şüvəlandakı “tarixi mülk” iddiası təkzib olundu:  Süni intellektlə yaradılıb

Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyi, Teymur bəy Aşurbəyovun mülkü olduğu və hazırda dağılmaq təhlükəsi ilə üzləşdiyi iddia edilən tikili ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

1news.az xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, Bakı Regional İdarəsinin əməkdaşları sözügedən ərazidə yerləşən tarixi abidələrin mühafizəsinə daimi nəzarət həyata keçirir. Qeyd olunub ki, paylaşılan görüntülər süni intellekt vasitəsilə yaradılıb və Azərbaycanda belə bir tarixi abidə mövcud deyil.

Bildirilib ki, məlumatın müəllifi Gülnarə Novruzova ilə əlaqə saxlanılıb və onun da fotoların özü tərəfindən hazırlanmadığını, mənbənin qeyri-müəyyən olduğunu etiraf etdiyi qeyd edilib.

Məlumatda həmçinin qeyd olunur ki, Xəzər rayonu ərazisində Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş daşınmaz tarix-mədəniyyət abidələri siyahısında bir sıra bağ evləri yer alır.

Qeyd edilib ki, həmin ərazidə yerləşən yeganə malikanə – Kərbəlayi İsrafil Hacıyevin bağ evi hələlik sözügedən siyahıya daxil edilməyib, lakin onun dövlət mühafizəsinə götürülməsi məsələsinə Ekspert Şurası çərçivəsində baxılıb və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.

Eyni zamanda bildirilib ki, paylaşımda qeyd olunan 2117 inventar nömrəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində, A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binaya aiddir.

Qurum vətəndaşlara mədəni irslə bağlı hər hansı müdaxilə və ya narahatlıq doğuran hallarla bağlı 147 qaynar xəttinə müraciət etməyi tövsiyə edib.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər