Almaniya millisi FIFA Konfederasiyalar Kuboku turnirinin qalibi olub – VİDEO
Rusiyanın ev sahibliyi etdiyi Konfederasiyalar Kubokuna yekun vurulub.
1news.az-ın məlumatına görə, gün ərzində həm üçüncü yerin sahibi, həm də çempionun adına aydınlıq gəlib.
Əvəlcə bürünc medal uğrunda oyunda Portuqaliya və Meksika komandaları üz-üzə gəlib. Yarımfinalda Çiliyə oyunsonrası penalti seriyasında uduzan pirineylilər bu dəfə şansı əldən verməyiblər. Olduqca gərgin və mübarizə şəraitində keçən matçı Portuqaliya 2:1 hesabı ilə qazanaraq bürünc medallara sahib çıxıb.
Sankt-Peterburqda keçirilən həlledici oyunda isə Almaniya ilə Çili qarşılaşıb.
Oyunun taleyini həll edən yeganə qolu matçın 20-ci dəqiqəsində Almaniya yığmasının heyətində Lars Ştindl rəqib komandanın qapısından keçirib. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və matç bu hesabla da başa çatıb. Beləliklə də Almaniya millisi öz titullarına daha birini əlavə edib.
Qeyd edək ki, bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.
Sonra mükafatlandırma mərasimi keçirilib.
FIFA prezidenti Cianni İnfantino turnirin ən yaxşı qapıçısına – Çili millisinin qolkiperi Klaudio Bravoya “Qızıl əlcək” mükafatını təqdim edib. Almaniya millisinin üzvləri – Timo Verner “Qızıl buts”, kapitan Yulian Draksler isə “Qızıl top” mükafatlarına layiq görülüblər.
Turnirin kubokunu Almaniya millisinə FIFA prezidenti Cianni İnfantino təqdim edib.
Məlumat üçün bildirək ki, FIFA Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Kral Fəhd Kuboku adı altında Səudiyyə Ərəbistanında keçirilib. Səudiyyə Ərəbistanı 1995-ci ildə ikinci turnirə də ev sahibliyi edib. Bundan sonra FIFA bu turniri öz nəzdinə alaraq yeni qaydalar müəyyən edib. 2005-ci ilədək hər iki ildən bir keçirilən turnir, həmin tarixdən sonra dörd ildən bir təşkil olunmağa başlanıb.
Konfederasiyalar Kuboku turniri dünya çempionatından bir il əvvəl mundiala ev sahibliyi edəcək ölkədə keçirilir. Bu turnir dünya çempionatına hazırlıq məqsədi daşıyır. Turnirdə iştirak edən səkkiz komandanın ikisi - dünya çempionatının sonuncu qalibi və ev sahibi olan ölkənin millisi Konfederasiyalar Kubokunda birbaşa iştirak hüququ qazanır. Digər altı komanda isə FIFA-nın konfederasiyaları - CAF, CONMEBOL, UEFA, AFC, OFC, CONCACAF üzrə çempion olan millilərdir. Əgər dünya çempionu olan komanda həm də konfederasiyalardan birinin qalibi olarsa, onda finala çıxan digər milli komanda turnirə qatılmaq şansı əldə edir.
Konfederasiyalar Kubokunda ən çox qalib gələn komanda beşqat dünya çempionu Braziliya millisidir. Braziliyalılar 1997-ci, 2005-ci, 2009-cu və 2013-cü illərdə çempion olublar. Fransa futbolçuları isə iki dəfə - 2001-ci və 2003-cü illərdə kuboku başları üzərinə qaldırıblar.
Konfederasiyalar Kuboku – 2017
2 iyul
3-cülük uğrunda oyun
Portuqaliya – Meksika - 2:1 (əlavə vaxt)
Qollar: Pepe, 90+3, A. Silva, 105 (pen.) - Neto, 54 (öz qapısına)
Baş hakim: Fahad Əl Mirdasi
Köməkçilər: Abdullah Əl Şalvay, Muhammed Əl Abakri (hamısı Səudiyyə Ərəbistanı)
Dördüncü hakim: Bakari Qassama (Qambiya)
Moskva, “Spartak Stadionu”
Final
Çili – Almaniya - 0:1
Qol: Stindl, 20
Baş hakim: Milorad Maziç
Köməkçilər: Milovan Rıstiç, Dalibor Dyurceviç (hamısı Serbiya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq stadionu
Babək Cahandarov