Yeni tennis kortunun açılış mərasimi olub – FOTO
Bu gün İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub.
1news.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat verilib ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Əbdürrəhimov küçəsi 12 ünvanda fəaliyyət göstərən İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib.
Fəaliyyət göstərdiyi müddətdə burada əsaslı təmir və yenidən qurma işləri aparılmayıb.
Cari ilin birinci yarısından başlayaraq İdman Tennis Kompleksinin bina və qurğularında əsaslı təmir, yenidənqurma, cari təmir işlərinə başlanılıb və əlavə zəruri tikinti-quraşdırma işləri aparılıb.
Belə ki, kompleksin əsas binası, tribunası gözətçi-keçid binası əsaslı təmir olunmuş, 6 ədəd tennis kortlarının xüsusi tennisit örtüyü dəyişdirilmiş ətrafının metal-tor hasarı təmir edilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin olunub.
Bundan əlavə kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq əsas binaya bitişik fitnes zalının tikintisi, masaj otağının tikintisi, qazanxananın tikintisi, nasosxananın tikintisi, 60 m3 –lik su anbarının tikintisi, 120 m3 –lik çirkab su anbarının tikintisi işləri yerinə yetirilib. Yeni sahəxari qaz xətti çəkilmiş, elektrik xətti bərpa olunub, çirkab su və drenaj şəbəkəsi təmir olunub.
Əsasli təmir və yenidənqurma işlərindən sonra əsas binada fitness zalı, inzibati otaqlar, kafe, gözləmə zalı-holl, məşqçi otağı, soyunub-geyinmə və duş qəbulu otaqları, sanitar qovşaqlar, sauna, təsərrüfat otağı, camarşırxana fəaliyyət göstərir. Ərazidə 6 ədəd tennisit yer örtüklü açıq tennis kortları fəaliyyət göstərir.
Ərazidə asfalt və tamet örtüyü vurulub, abadlıq-yaşıllaşdırma işləri həyata keçirilib. Bina və meydançalar müasir avadanlıq, mebel və ləvazimatlarla təchiz olunub.
1news.az