Qurban Qurbanov: “Şerif”i keçsək, qrup mərhələsi haqda düşünə bilərik”
“Çox vacib oyuna çıxacağıq. Bu mərhələ bizim üçün çox önəmlidi”.
1news.az apasport.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Moldova çempionu “Şerif”i qəbul edəcək.
Qarşılaşma öncəsi “Azərsun Arena”nın konfrans zalında təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Çox ciddi hazırlaşmışıq. Düzdü, vaxtımız az olub. Buna baxmayaraq, çalışdıq rəqibi futbolçulara tanıdaq. “Şerif” təcrübəyə malik rəqibdi. Bir neçə transferləri olub. Onların ilk düşüncələri rəqibə oynamağa imkan verməməkdi. Meydanda bir-birilərini tamamlayan futbolçuları var. Bir neçə düşünülmüş hücumları var. Meydanda daim bunu təkrarlamağa çalışırlar. Pis hazırlaşmamışıq”.
- Heyətdə nə kimi problemlər var?
- Rəşad Sadıqov və Dani Kintana sabah oynamayacaqlar. Hər ikisi komandaya qoşulsa da, daha çox fərdi məşqlər edir. Ümumilikdə elə bir ciddi problemimiz yoxdu. Bildiyiniz oyunçulardı. Abbas Hüseynov da artıq komanda ilə məşqlərə başlayıb.
- Əksəriyyət düşünür ki, “Qarabağ” bu mərhələni də asan keçəcək?
- Bizə inamlarını göstərirlər, sağ olsunlar. Bir çox rəqibə qarşı belə fikirlər səslənir. Biz həmişə ehtiyatlanmışıq. Çünki komandaları daha yaxından tanıyırıq. Özümüzü rəqibin yerinə qoyuruq. Çünki bizim kimi, onlar da bizi təhlil edirlər. “Şerif” öz ölkəsinin çempionudu. Hər turnirin öz xüsusiyyətləri var. Biz bundan maksimum istifadə etməliyik. Çempionlar Liqasının III təsnifat mərhələsi daha vacibdi. Çünki burda qələbə qazanan Avropa Liqasının qrupuna vəsiqəni təmin edir. “Şerif”in əsas heyətində 7 yeni oyunçu var. Kifayət qədər təcrübəli transferlərdi. Asan rəqib deyil. Asan olsa belə, ehtiyatı əldən verməmişik. Moldova klubunun da fikri mərhələ adlamaqdı. Bizim üçün ağır oyunlardan biri olacaq.
- Çoxları “Qarabağ”dan Çempionlar Liqasının qrupunu tələb edir. Bu amil futbolçulara psixoloji cəhətdən necə təsir edir?
- Bunun müsbət və mənfi cəhətləri var. Futbolda daim qarşındakı oyunu düşünməlisən. Bu gün Çempionlar Liqasının qrupunu düşünsək, yanılmış olarıq. Belədə futbolçular psixoloji təzyiq altında olar. Hər oyunda komandanı qələbəyə kökləməyə çalışırıq. Qrupa düşmək üçün hələ 2 mərhələ keçmək lazımdı. Bu rəqibi keçdikdən sonra bu barədə fikirləşə bilərik. Özümüzü aldatmayaq. Çempionlar Liqası elə-belə turnir deyil. Hamımız bu yarışa çox ciddi hazırlaşmışıq. Həmişə meydanda nə etdiyimizi bilmək istəyirik.
- “Şerif” bundan əvvəlki mərhələdə daha çox güc itirdi. Bu sizin şansınızı artıra bilərmi?
- Səhv etmirəmsə, dünən 3 və ya 4-cü çempionat oyunlarını keçirdilər. Futbolçular başlanğıcda çox yorulmurlar. Bu vaxtlarda komandanın bir yerdə çox oyun keçirməsi çox vacibdi. Məncə, bu amil onlara mane olmayacaq. Məşqçiləri də təhlil ediblər ki, oyunçular neçə oyuna hazırdı. Dünənki matçda da bəzi oyunçuları meydana buraxmamışdılar. Çempionatla Çempionlar Liqası fərqli turnirlərdi. Bəzən məğlubiyyət sənin xeyrinə ola bilər.
- “Zalsburq” və “Viktoriya” ilə bu rəqibi müqayisə edə bilərsinizmi?
- Heç vaxt kimisə kimləsə müqayisə etmək istəmirəm. “Viktoriya” ilə Bakıdakı matçda bir neçə qol şansından istifadə edə bilməmişdik. Rəqibdən zəif deyildik. Ancaq sona yaxın bir epizod yaradıb qol vurdular. Hər komandanın öz çətinliyi var. “Şerif” hər matçda 3 dəfə sistemi dəyişir. Fərqli dəyişikliklər edirlər. Sabah meydanda onları tam dəqiq tanıyacağıq. Oyunun gedişində bir neçə variantımız olacaq.
- Qapıda kimin oynayacağını müəyyənləşdirmisiniz?
- Baş məşqçi həmişə heyəti özü üçün müəyyənləşdirir. Mən də təxmini heyəti bilirəm.
- Sabahkı oyunun Ağdamın işğalı günlərinə təsadüf etməsi sizin üzərində təzyiqi artırmır?
- Ağdamın işğalının sabah və ya bir ay sonra olmasını düşünmürük. Bu hadisə bir gün baş verib. Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır. Bütün futbolçuların bundan məlumatı var. Dünən əcnəbi oyunçular daha çox maraqlandılar bu barədə. Bilirlər ki, onlardan nələr tələb olunur.
- Mərhələ adlayacağınız təqdirdə yeni transferlər gözlənilirmi?
- Transferlərimiz mərhələ adlamaqla əlaqəli deyil. İlk transferlərimiz də oyuna 4-5 gün qalmış reallaşmışdı. Bu gün də çalışmalarımız davam edir. Bir oyuna görə komanda qurmuruq. Hər il 4-5 oyunçunu dəyişməyi xoşlamıram. Ola bilər ki, kimdəsə səhv edirik. Amma düşüncəmizə uyğun oyunçular almağa çalışırıq. Sabah Allah qorusun, mərhələ keçməsək belə, istədiyimiz oyunçular “hə” cavabını versələr, onlarla anlaşacağıq.
- Mahir Mədətov son oyunları zəif keçirir. Ümumiyyətlə, hansı mövqelərə oyunçu axtrırsınız?
- Hücum xəttinə oyunçu axtarırıq. Amma şəxsi fikirlərə görə yox. Bizim futbolçudan olan tələblərimizə cavab verib-verməməsi haqda onlarla söhbət edirik. Mahir Mədətovun hazırkı çıxışı məndə müsbət fikir yaradır. Hücumçu axtarışımız Mahirə və ya başqa oyunçuya görə deyil. Alternativli heyət düzəltmək istəyirik. Çünki sabah kimsə zədələnə, cəzalana bilər.
- Belə başa düşülür ki, yeni transferlərdə çətinlik çəkirsiniz. Buna rəğmən “Qəbələ” əcnəbi transferlərində çətinlik çəkmir. Problem nədədi?
- “Qəbələ”də əsas heyət üzvlərinin çoxu qalıb. Birdən-birə 10 futbolçu lazım olsaydı, bəlkə də tapardıq. Hər mövqeyə oyunçu lazım olsa, bir qədər asan olur. “Barselona” belə, transferlərdə çətinlik çəkir. Məsələyə fərqli yanaşmaq lazımdı. Komandanı gücləndirəcək oyunçudusa, artığını da ödəyib gətirərik. Bir neçə dəfə olub ki, futbolçunun klubuna da təzminat ödəmişik. “Qəbələ” də özlərinə lazım olan sayda oyunçu götürürlər, biz də.
- Rəşad Sadıqov sıraya döndükdən sonra Jezniçakla onun arasında seçim etməkdə çətinlik çəkməyəcəksiniz?
- Təki hamısı sağlam olsun.
- Almeydanın keçmiş komanda yoldaşı onun “Qarabağ”da 550 min avro aldığını bildirib. Bu doğrudumu?
- İlini soruşmaq lazımdı. 550 min söhbətini eşitməmişdim. Biz futbolçudan, o da bizdən məmnundusa, pul məsələsi problem olmamalıdı.
1news.az