Firdovsi Umudov: Bundan sonrakı hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır
Fransanın paytaxtı Paris şəhərində keçirilən güləş üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız ötən gecə Vətənə qayıdıb.
1news.az-ın məlumatına görə, Hava Limanında təşkil olunan qarşılanma mərasimində KİV nümayəndələrinin suallarını cavablandıran yığma komandanın baş məşqçisi Firdovsi Umudov Hacı Əliyevin qazandığı qələbənin möhtəşəmliyinə diqqət çəkdi və bu qələbənin gələcək nəsillər üçün örnək olduğunu bildirib:
“7 çəki dərəcəsində mübarizəyə qoşulduq. Medal ümidlərimizdən biri Cəmaləddin Məhəmmədov heyətdə yer almamışdı. 7 çəki dərəcəsində 4 nəfər medal uğrunda mübarizə apardı. Bildiyiniz kimi, komandanın tərkibində 57 və 70 kq çəki dərəcələrində gənclərə də üstünlük vermişdik. Ancaq o güləşçilərdən gözlədiyimiz nəticəni ala bilmədik. Gələcəkdə yəqin ki, onlar haqqında ölçü götürüləcək, komandanın heyətinə bir daha baxılacaq. Ümumilikdə, qazanılan bu qələbələr münasibətilə hər birinizi, xalqımızı təbrik edirəm. Hacı Əliyevin qazandığı bu fenomen qələbə doğrudan da möhtəşəm qələbədir. Hacı özü 26 yaşındadır və bu müddət ərzində üç dəfə dünya çempionu olub. Heç nəyə baxmayaraq biz yüksək hazırlıq prosesi keçmişdik. Orada da hər görüşdən sonra analizlər aparırdıq.
Bu gün Hacı tarix yazdı və gələcək nəsillər üçün böyük bir örnəkdir, böyük bir məktəbdir. Yığma komandanın baş məşqçisi kimi mən komandanın tərkibində Hacı kimi güləşçiləri çox görmək istəyirəm. Ona da inanırıq ki, gələcəkdə belə idmançıları çox görəcəyik. Çünki hər bir Dünya çempionatı, Olimpiya Oyunlarından sonra güləşə axın böyük olur və gələcəkdə Hacılarımız daha çox olacaq. Bu, Hacının 61 kq çəki dərəcəsində sonuncu yarışı idi. Hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır. Hacı Əliyev o yarışa 65 kq çəki dərəcəsində hazırlaşacaq”.
Rusiyanın qızıl medal qazana bilmədiyi çempionatda Azərbaycanın qızıl medala sahib olmasını ölkəmizdə ən yüksək səviyyədə idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirən baş məşqçi bu nəticənin il ərzində keçilən yaxşı hazırlıq prosesinin sayəsində olduğunu qeyd edib:
“Rusiya kimi tanınmış güləş məktəbi qızıl medal qazana bilmədi. Ancaq Azərbaycan güləş məktəbi öz sözünü dedi və qızıl medal qazandı. Bu nailiyyətin qazanılması başlıca olaraq dövlətimizin, şəxsən dövlət başçımız cənab İlham Əliyevin idmana və idmançılara qayğısının nəticəsidir. Federasiya rəhbərliyi, başda Federasiya Prezidenti cənab Fazil Məmmədov, I vitse-prezident Namiq Əliyev daim bizim yanımızdadır. Həm Azərbaycna Güləş Federasiyası rəhbərliyi, həm də dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün güləşçilərimiz uğurlu nəticə qazanıb.
Gedəndə də müsahibə verərkən mən demişdim ki, sürprizlər gözlənilir. Bu sürprizlərdən biri də Hacı Əliyevin üçüncü dəfə dünya çempionu olması, komandada öz sözünü deməsi oldu. Xetaq Qazyumovdan sonra Aslanbek Alborovun Dünya çempionatında bürünc medal qazanması artıq komandada irəliləyişin olmasından xəbər verir. Komandada ilk növbədə nizam-intizam olmalıdır. Hazırlıq prosesinə düzgün mövqedən baxılmalıdır.
Komandada qızıl medala ümidimiz vardı. İlin əvvəlindən Kislovodskda, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçdik. Yoxlama turnirlərində iştirak etdik. Dünya Kubokunda qazandığımız nəticə və bütün bunların fonunda Dünya çempionatında uğurlu nəticə qazanacağımıza inanırdıq. Hazırlıq prosesinin yaxşı keçməsinin nəticəsiydi ki, Hacı Əliyev 5 görüşdə rəqiblərinə cəmi 2 xal verdi. Bütün rəqiblərini böyük üstünlüklə məğlub etdi”.
Qazanılan qələbənin artıq tarix olduğunu bildirən Firdovsi Umudov eyforiyaya qapılmamağın vacibliyini vurğulayıb:
“Hacı Əliyev özü istəyərək 61 kq-da mübarizə apardı. O istəyirdi ki, finalda Xinçeqaşvili ilə görüşsün. Ancaq belə alındı ki, gürcü idmançı yarımfinalda Rusiya təmsilçisinə uduzdu. Finalda isə, Hacı Rusiya təmsilçisini 7:1 hesabı ilə məğlub etdi, sona 30 saniyə qalmış isə rəqibin kürəyini yerə sıxdı və təmiz qələbə qazandı. Artıq bu qələbə keçmişdə qaldı, eyforiyaya qapılmaq olmaz. Qələbəni qazandıq, artıq dünəndə qaldı. Biz ancaq irəliyə baxmalıyıq.
Biz çox qürur hissi keçirdik ki, Fransanın paytaxtı Parisdə bayrağımız yüksəldi, himnimiz səsləndi. Bilirsiniz ki, orada erməni diasporası çoxluq təşkil edir. Onların içərisində bizim himnimizin səslənməsi, bayrağımızın yüksəlməsi bizi qürurlandırdı. Orada yaşayan azərbaycanlılarımız da bizə arenada böyük dəstək göstərdi. Bundan sonrakı hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır. Hazırlığımızı davam etdirib orada da yüksək nailiyyətlər qazanmağa çalışacağıq”.
Firdovsi Umudov komandanın tərkibinə yenidən baxılacağını, heyətdə gənclərə, yeniyetmələrə daha çox üstünlük veriləcəyini bildirib:
“Komandanın tərkibinə yenidən baxılacaq, gənclərə, yeniyetmələrə daha çox üstünlük veriləcək. Çünki bu günün yeniyetmələri gələcəyin Olimpiya çempionları, mükafatçılarıdır. Hər zaman qeyd etdiyim kimi, biz hər birimiz dövlətimizin əsgərləriyik, iştirak etdiyimiz hər bir yarışda ölkəmizin idman şərəfini qorumağa borcluyuq. Hər zaman bunun üçün çalışmışıq, bu yolda bundan sonra da var-qüvvəmizi əsirgəməyəcəyik”.
Babək Cahandarov