İlham Əliyev slovakiyalı və özbəkistanlı həmkarlarını milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın milli bayramı – Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Prezidenti slovakiyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
x x x
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə də bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
“Müstəqillik yolu ilə inamla irəliləyən qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ilə Özbəkistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.
Azərbaycan Prezidenti qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimizin xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.
Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Şavkat Mirziyoyevə və Özbəkistanın bütün müsəlmanlarına ən səmimi təbriklərini yetirib, həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq diləyib.
S.Xankişiyeva