Səfir: "İndonezya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir"
Bakıda İndoneziyanın övlət müstəqilliyinin 72-ci ildönümü ilə əlaqədar rəsmi qəbultəşkil edilib.
1news.az xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bəy Fənani çıxışında ölkəsinin keçdiyi azadlıq yolundan söz açıb.
Bildirib, bu bayram həm də Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 25-ci ilinə təsadüf edir. "İndonezya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. İkitərəfli siyasi və iqtisadi əlaqlər yüksək səviyyədədir. İndoneziya Azərbaycanlı turistlər üçün viza rejimini birtərəfli şəkildə ləğv edib. Azərbaycanda da İndoneziyaya, onun mədəniyyətinə böyük hörmət var. 67 azərbaycanlı gənc Dövlət Dillər Universitetində İndoneziya dilini öyrənməkdədir".
O qeyd edib ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsi 2015-ci ilə nisbətən 2016-cı ildə 19 milyon artaraq 46 milyon dollar olub: "Bu onu göstərir ki, hər iki ölkə əlaqlərin daha yüksək inkişafı üçün imkanlara malikdir".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, iki ölkə arasında dost əlaqələr bütün sahələrdə inkişaf etməkdədir.
"Dünyanın ən iri müsəlman dövləti olan İndoneziya Azərbaycanı bütün müstəvilərdə dəstəkləyir, Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Bakının mövqeyindən çıxış edir. Amma dünyanın 20 ən güclü iqtisadiyyatından biri olan İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticarət əlaqələri qənaətbəxş deyil və bu həcm artırılmalıdır" deyən nazir bunun üçün iki ölkənin müvafiq qurumlarının tədbir görməli olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanda millət vəkilləri, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
P.Sultanova