Kredit Zəmanət Fondunun yaradılması əks-dollarlaşmanın stimullaşdırılmasında mühüm addımdır

Kredit Zəmanət Fondu"nun yaradılması əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq üçün mühüm addımdır.
1news.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ayaz Çaparlı Prezident İlham Əliyevin "Kredit Zəmanət Fondu"nun yaradılması ilə bağlı imzaladığı Fərmanı şərh edərkən deyib.
Ekspert bildirib ki, "Kredit Zəmanət Fondu"nun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlılığının və real sektora maliyyə axınının gücləndirilməsi və əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq üçün mühüm bir addımdır. "Fond maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, habelə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətlərindən istifadənin yaxşılaşdırılmasını təmin edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının genişlənməsinə və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər", - deyə ekspert diqqətə çatdırıb.
Qeyd edək ki, Prezidentin imzaladığı Fərmana əsasən yaradılan Fondun Nizamnaməsinin layihəsini, nizamnamə kapitalının miqdarını, o cümlədən də sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini hazırlamaq dövlət və özəl sektorun nümayəndələrindən ibarət olan İşçi qrupa tapşırılıb. Özəl sektor İşçi qrupunda aparıcı kommersiya banklarının və qabaqcıl audit şirkətlərinin nümayəndələri ilə təmsil olunacaq. Bundan əlavə, Cəmiyyətin Müşahidə Şurası dövlətin iqtisadi-maliyyə qurumlarının nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrindən formalaşacaq. İİTKM-nin analitiki deyir ki, bununla da maraqlı tərəflərin iştirakı təmin edilir və "Kredit Zəmanət Fondu"nun fəaliyyətinin açıqlıq, hesabatlılıq və şəffaflıq prinsiplərinin üstündə qurulması təmin olunur.
Fərmana əsasən Fondun İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.
1news.az