Siyavuş Novruzov: "Milli Şura"nın mitinqinə yığışanların bir hissəsi oradakı siyasi partiya rəhbərlərinin qohumları idi
"Milli Şura"nın bügünkü mitinqinə yığışanların bir hissəsi əvvəllər cinayət törədib həbs olunanların yaxınları, digərləri isə oradakı siyasi partiya rəhbərlərinin qohumları idi. Ora siyasi baxışa, siyasi əqidəyə görə toplaşan insan yox idi".
1news.az xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, mitinqə baxanda sönüklük görünürdü: "Digər tərəfdən mitinqdəki çıxışların özündə də şər, böhtan, qarayaxma vardı və bunlar heç nəyə əsaslanmırdı. Xüsusilə mən qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin ABŞ-a çox uğurlu səfəri və orada Ermənistan rəhbərliyinin cinayətkar olması, Ermənstan ordusunun gücsüzlüyü, BMT qətnamələrini yerinə yetirməməsi ilə bağlı çıxışından sonra Ermənistanda çox ciddi narahat ab-hava yaranıb. Hazırda Ermənistanda o cinayətkar rejimə qarşı çox böyük kampaniya aparılır. Bu gün isə Azərbaycanda Ermənistan rəhbərliyi tərəfindən ortaya atılan bir qrup mitinqdə elə bil Serj Sarkisyanın yazdığını oxuyurdular. Azərbaycan Ordusu bu gün kifayət qədər silaha və gücə malikdir. Cənab Prezident də çıxışında qeyd etdi ki, lazım gəlsə, Ermənistan cəzalandırılacaq. Amma mən mitinqdə şahidi oldum ki, Ermənistanın işğalçı olması, Xocalı soyqırımını törətməsi ilə bağlı bir kəlmə də olsun fikir işlənmədi. Ancaq dedilər ki, Azərbaycan guya yararsız silahlar alır. Halbuki Azərbaycan bu gün Pakistan, İsrail və digər ölkələrdən müasir silahlar alır".
Onun sözlərinə görə, bütün dünya Azərbaycanın gücünü etiraf edir, bunlar isə Ermənistan ictimaiyyətini sakitləşdirməyə çalışırlar ki, Azərbaycanın silahları köhnə və yararsızdır:
"Hansı siyasi partiyanın lideri məsələni bu cür qoya bilər? Ancaq erməniyə xidmət edən qüvvələr. Bax, biz mitinqdə bunun şahidi olduq. Azərbaycan neft müqavilələrini uzatdığı ərəfədə, Prezidentin BMT-də uğurlu çıxışı ərəfəsində bunlar Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu rəhbər tutaraq mitinq keçirirlər. Korrupsiya ilə məşğul olan, siyasi mühacir bileti satan Əli Kərimli orada korrupsiyadan danışır. Onun müavini Gözəl Bayramlının Gürcüstana 41 dəfə səfər etməsi, oradan pullar alması da bir daha sübut edir ki, bunlar Ermənistan rəhbərliyi tərəfindən maliyyələşdirilir və ölkədə sabitliyi pozmaq istəyirlər. Əli Kərimli mitinqdə hesabat versin görək, 20 ildir işləmədiyi halda özünü, cangüdənlərini nə ilə saxlayır? Övladları ən bahalı institutlarda oxuyur, ABŞ-da yaşayırlar. Bu pulları haradan aldığını desin. Bu, digərlərinə də aiddir.
Jurnalistlərlə bağlı fikir deyirlər. Hansı ölkədə dövlət jurnalistlərə ev verir? Hansı ölkədə qeyri-hökumət təşkilatları, siyasi partiyalar dövlət tərəfindən maliyyələşir? Bunların hamısını cənab Prezident 200 nəfər dövlət başçısının iştirak etdiyi BMT-nin iclasında deyib. Hansısa 200-300 adamın iştirak etdiyi mitinqdə yox. Bunlar heç öz hesabatlarını verə bilmirlər. Halbuki Əli Kərimlini elə partiyasının üzvləri korrupsiyada ittiham edirlər. Ona görə də mitinqdəki fikirlərin heç bir əhəmiyyəti yoxdur".
1news.az