Elman Nəsirov: İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar müsbət nəticələrini verməkdədir
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar müsbət nəticələrini verməkdədir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
Elman Nəsirov bildirib ki, Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci olması çox yüksək nəticədir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Türkiyə, Hindistan, Cənubi Afrika Respublikası kimi ölkələr bu rəqabət indeksinə görə Azərbaycandan geridə qalıblar. Region ölkələrinə gəldikdə isə qonşu Gürcüstan həmin reytinqə görə 67-ci yerdə, işğalçı Ermənistan isə 73-cü yerdə qərarlaşıb. Bu, çox mühüm nəticədir.
Xüsusilə qeyd etmək lazımdır ki, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 12 indikatordan 9-da öz mövqelərini xeyli yaxşılaşdırıb. İnstitutlar sahəsində nailiyyətlərimiz daha böyükdür. Yəni, Azərbaycan struktur məsələlərinin həllində daha ciddi nailiyyət əldə edib. Bu gün ölkəmizin institutlar üzrə göstəricisi dünyada 33-cü pillədə yer alıb ki, bu da çox önəmlidir. Bütün bunlar, ilk növbədə, Prezident İlham Əliyev tərəfindən aparılan geniş, sistemli iqtisadi islahatlar sayəsində mümkün olub.
Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizin gələcəkdə də bu istiqamətdə böyük nailiyyətlər əldə etməsi proqnozlaşdırılır. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatını inkişaf etdirir, bu sahəyə diqqəti daha da artırır ki, ölkəmiz gələcəkdə G20-nin sırasında olsun. Azərbaycanın qazandığı iqtisadi nailiyyətlər, xüsusilə də Dünya İqtisadi Forumunun elan etdiyi son nəticələr bir daha onu göstərir ki, bizim bu arzumuz reallıqdır. Azərbaycanın G20 ölkələrinin sırasına daxil olması üçün geniş potensial imkanları var.
S.Xankişiyeva