Çingiz Qənizadə: “Azərbaycan Avropa Şurasına üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Çingiz Qənizadə: “Azərbaycan Avropa Şurasına üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir”

18:44 - 28 / 09 / 2017
Çingiz Qənizadə: “Azərbaycan Avropa Şurasına üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir”

Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çalışıb və riayət edir. Hətta prezident öz çıxışlarında vurğulayıb ki, Azərbaycan əxlaqlı siyasət yeridir.

1news.az xəbər verir ki, bunu APA-ya müsahibəsində millət vəkili Çingiz Qənizadə Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərdən danışarkən deyib. Millət vəkili müsahibəsində adıçəkilən qurumla ölkəmiz arasında olan bir çox məsələlərə toxunub. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

 - Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çalışıb və riayət edir. Hətta prezident öz çıxışlarında vurğulayıb ki, Azərbaycan əxlaqlı siyasət yeridir. Bu, həm də Avropa Şurasına münasibətlə bağlıdır. Amma biz zaman-zaman Avropa Şurasından gözlədiklərimizin əksini alırıq. Çünki müəyyən dövlətlərin bəzi deputatları Avropa Şurası Parlament Assambleyasında fraksiya yaratmaqla həmişə Azərbaycana təzyiq etməyə çalışırlar və bəzən də buna nail olurlar. Başqa dövlətlərdə, hətta öz dövlətlərində gördükləri, bildikləri məsələlərin Azərbaycanda ən kiçik formasını belə görsələr, bunu siyasiləşdirib, təzyiq formasında istifadə etməyə çalışırlar. Yəni fərqli münasibət ortaya qoyurlar. Bu da düzgün deyil.

Amma Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduqdan sonra üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və yerinə yetirməyə çalışır. Hətta xatırlayıram ki, Avropa Şurasının təkliflərini də prezident bəzi məsələlərdə nəzərə alıb və nəzərə alınmasına üstünlük verib. Bu, o deməkdir ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq etməkdə maraqlıdır. Çox təəssüf ki, bəzən bunun Avropa Şurasından qarşılığını görmürük.

- Son vaxtlar qurum təmsilçiləri tərəfindən Azərbaycanın ünvanına müxtəlif tənqidi fikirlər səslənir...

- Avropa Şurası Azərbaycana açıq təzyiqlər etməyə çalışır, hətta baş katib Yaqland səviyyəsində müəyyən bəyanatlar verilir. Mən hesab edirəm ki, bu təzyiqlər Azərbaycanın müstəqil siyasəti, inkişafı və Azərbaycan prezidentinin Azərbaycanın milli və dövlət maraqlarına uyğun siyasəti ilə bağlıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil, ədalətli daxili və xarici siyasəti bəzi Qərb dairələrində, o cümlədən AŞ-da qıcıq doğurur.

Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı siyasət müəyyən dövlətlər, dairələr tərəfindən qəbul olunmur. Bəzən də Azərbaycan prezidentini bu mövqeyindən döndərmək üçün müəyyən xoşagəlməz hallar tapmağa çalışır və bunları siyasiləşdirməklə Azərbaycana təzyiq etmək istəyirlər. Bu təzyiqlərin arxasında Azərbaycanın artaq iqtisadi, siyasi və hərbi gücü, müstəqilliyi durur. Yəni kiçik dövlətlərin müstəqil qərar qəbul etməsi və müstəqil siyasət həyata keçirməsi heç də böyük dövlətlər tərəfindən qəbul edilmir. Sadəcə, böyük dövlətlər istəyirlər ki, bu dövlətlər sözəbaxan olsun, vassala, əyalətə çevrilsin və qərarları da özləri qəbul etsinlər.

Məsələn, Ermənistan buna bir nümunədir. Ermənistanla bağlı qərarlar bu gün başqa dövlətlər tərəfindən qəbul edilir.  Bir sözlə, Azərbaycanın müstəqil siyasəti, Azərbaycan prezidentinin milli, dövlət maraqlarına söykənən daxili və xarici siyasəti, Azərbaycanın artan iqtisadi, siyasi və hərbi qüdrəti bizi sevməyən qüvvələri narahat edir və Azərbaycana qarşı təzyiq forması kimi müxtəlif bəhanələr tapmağa, ölkəmizə qarşı qərarlar qəbul etməyə çalışırlar.   

Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqq işinə susqunluq,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli məsələsində ikili standartlar və laqeydlik varsa, təbii ki, biz Azərbaycana münasibətin mənfi olduğunu dərk edir və görürük. Krım məsələsi və Ukrayna-Rusiya münasibətləri, Rusiyaya tətbiq olunan sanksiyalar da göz önündədir. Beynəlxalq təşkilatlar, o cümədən Avropa Şurası etməli olduğu şeyi etməyərək yalnız məsələni susmaqla yola verməyə çalışırsa, bu da qəbuledilməz və ikili standartdır.   

- Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bəzi qərarlarının icra olunmadığını bildirən Avropa Şurası baş katibinin mövqeyini necə dəyərləndirirsiniz?

- Avropa Şurası  kimi bir qurumun baş katibinin çox cılız görünən bir məsələ ilə əlaqədar qurumun üzvü olan bir dövlət haqqında bu cür bəyanatla çıxış etməsi yolverilməzdir. Avropa Şurası  məkanına daxil olan dövlətlərin özündə Avropa İnsan Haqları Məhkəməsinin 10 min icra olunmamış qərarı var. Avropa Şurası, o cümlədən Turbyern Yaqland çox susqunluqla bunun üzərindən keçir, görməməzliyə vurur, hətta başqa metodlarla bu qərarların icrasına çalışırlar. Amma həmin qərarların icra olunmadığı üzv dövlətlərin qurumdan çıxarılması barədə təkliflər ortaya atmırlar. Avropa Şurasının baş katibi tərəfindən bir nəfərə görə Azərbaycanın Avropa Şurasından çıxarılması təklifinin irəli sürülməsi nə həmin şəxsə sevgidən irəli gəlir, nə də Yaqlandın insan haqlarına hörmət göstərməsindən və dəyər verməsindən. Bunun arxasında daha böyük siyasət, daha böyük maraqlar var. Bütün vasitələrlə Azərbaycana təzyiq etməyə çalışır, hər şeyi siyasiləşdirib, belə bəyanatlar verirlər. Mən Turbyern Yaqlandın açıqlamasını heç cür qəbul edə bilmirəm.

T.Yaqlandın  əvvəllər də Azərbaycan prezidentinə müraciətləri olub və onun müraciətləri nəticəsində addımlar atılıb. Məsələn, problemli məhbuslarla əlaqədar Azərbaycanın Avropa Şurası ilə birgə yaratdığı işçi qrupun bərpası 2 il əvvəl məhz Turbyern Yaqlandın xahişi ilə Azərbaycan prezidenti tərəfindən reallaşdırılıb. İndi də müəyyən xahişlər etmək olar. Dövlətlər və dövlətlərlə qurumlar arasında cəmiyyətə açıqlanmayan telefon zəngləri, müəyyən şəxsi nümayəndələr vasitəsilə xahişlər də olur. Bunları etmədən belə bir bəyanat vermək və Azərbaycanın Avropa Şurasından çıxarılmasının gündəliyə salınmasına çalışmaq Azərbaycana qarşı aparılan kampaniyaların tərkib hissəsidir. 

Mən həmişə o mövqedə olmuşam ki, Azərbaycan Avropa məkanından uzaqlaşmalı deyil. Azərbaycan prezidentinin də siyasəti budur ki, biz Avropa dəyərlərinə üstünlük veririk  və Avropa məkanında olan bir dövlət kimi Avropanın beynəlxalq təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq. Amma hər bir əməkdaşlıq, tərəfdaşlıq ikitərəfli olmalıdır. Yəni hər tərəf hətta digərinin qüsuru varsa, bunu çox ustalıqla, ehtiyatla deməlidir. Bunu bəyanat, ultimativ formada demək əməkdaşlıq və tərəfdaşlıq deyil. Əgər Turbyern Yaqlandın təklifinin AŞPA-nın qarşıdan gələn sessiyasının gündəliyinə salınması təhlükəsi reallaşacaqsa, Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Əslində Azərbaycan üçün elə bir təhlükə deyil. Avropa Şurası özü bəzən üzvlərini itirdikdən sonra problemlərlə üzləşir. Bunu Rusiyanın, digər dövlətlərin timsalında görmüşük. Maddi və digər problemlər ortaya çıxır.

Əgər Azərbaycana qarşı bu cür bəyanatlar davam etsə, təbii ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Bu, bizim hüququmuzdur. Dünyada müxtəlif regional və beynəlxalq təşkilatlar var. Məsələn, Azərbaycan Avropa məkanında yerləşsə də, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə normal, səmimi əməkdaşlıq etməyin tərəfdarıyıq. Bu təşkilatlar bizə qarşı səmimi münasibət bəsləmirsə, təbii ki, biz öz mövqeyimizə yenidə baxa bilərik və baxmalıyıq.

1news.az

Paylaş:
740

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər